Koronavirusa yoluxanların sayının kəskin artması səbəbi ilə dünya təcrübəsinə əsaslanaraq artıq Azərbaycanda da həftə sonlarında küçəyə çıxmaq qadağasının tətbiqinə başlanılıb.
Pravda.az-ın xəbərinə görə, rəsmi olaraq 6 iyun saat 00:00-dan 8 iyun saat 06:00-dək Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərində və Abşeron rayonunda sərt karantin rejimi tətbiq olunacaq. İki gün ərzində vətəndaşlar yalnız həyat və sağlamlığa bilavasitə təhlükəli vəziyyət yarandığı halda, yaxın qohumların dəfni üçün evi tərk edə bilərlər. Digər halda cərimələr tətbiq olunacaq.
TƏBİB-in idarə heyətinin sədri Ramin Bayramlı dünən baş tutan mətbuat konfransında belə bir qaydanın tətbiqi ilə bağlı müraciət etdiklərini bildirərək, əhaliyə xəbərdarlıq etmişdi. Qurum rəsmisi, ərzaq mağazaları və supermarketlərə faktiki vəziyyətlə bağlı iş saatlarını bir qədər uzatmalarını tövsiyə edərək vətəndaşları iki günlük lazımi alış-veriş etməyə çağırmışdı. Bildirmişdi ki, supermarketlərdə sıxlıq yaranmamalı və sosial məsafəyə diqqət yetirilməlidir.