Rusiya Silahlı Qüvvələrinin tərkibində döyüşən azərbaycanlı əməliyyat zonasında Ukrayna tərəfinə əsir düşüb. “Yeni Müsavat" Teleqraf.com-a istinadla xəbər verir ki, Hacıqabuldan olan Fuad Rafaelov Rusiyanın miqrasiya xidməti tərəfindən hərbi xidmət müqaviləsi bağlamağa məcbur edildiyini bidirib. O, Azərbaycana təhvil verilməsi üçün səfirlikdən kömək istəyib.
Yəqin ki, bu ilk və sonuncu hal deyil.
Azərbaycanlı əsirin ölkəmizə ekstradisiyası mümkünmü? Əgər o, Rusiya vətəndaşıdırsa, onda necə? Yaxud Azərbaycana verilsə, məsuliyyətə cəlb edilə bilərmi? Səfirlik hansı köməyi göstərə bilər?
Məsələ ilə bağlı sabiq XİN başçısı Tofiq Zülfüqarov “Yeni Müsavat"a danışıb. Tofiq Zülfüqarov qeyd edib ki, əvvəlcə əsir düşən azərbaycanlının hüquqi statusu müəyyən olunmalıdır: “Yəni müəyyən edilməlidir ki, o, Azərbaycan, yoxsa Rusiya vətəndaşıdır, daha sonra buna uyğun olaraq addımlar atılmalıdır.
Əgər şəxsin Azərbaycan vətəndaşlığı varsa, onda konsulluq xidməti onunla əlaqə yaradıb, hüquqi vəziyyətini müəyyənləşdirib, ondan sonra hansısa işlər apara bilər. Çünki əgər Ukrayna ərazisində hansısa qanunazidd əməl törədibsə, o, Ukrayna qanunları, məhkəməsi qarşısında məsuliyyət daşımalıdır".
Hüquqşünas Əsabəli Mustafayev isə qeyd edib: “Hesab edirəm ki, əsir düşən azərbaycanlı Rusiya vətəndaşıdır. Çünki rəsmi çağırış Rusiya vətəndaşları üçün olur. Yaxud şəxs özü könüllü döyüşə gedib. Könüllü olması da inandırıcı deyil. Çünki bilirik ki, belə faktlar var ki, Rusiyada yaşayan azərbaycanlılar işsizlikdən və yaxud digər problemlər üzündən bu yola əl atırlar. Yəni hesab edirlər ki, əgər Rusiya Silahlı Qüvvələrinin tərkibində Ukraynaya qarşı döyüşlərdə iştirak edərlərsə, onlara hansısa böyük güzəştlər verilir və sairə, nəticədə muzdlu kimi döyüşə gedirlər. Qanuna əsasən isə muzdlu şəkildə hansısa başqa ölkə üçün müharibədə iştirak etdikdə, bu, cinayət məsuliyyəti yaradır.