1993-cü ilin 4 iyununda Gəncədə o vaxtkı korpus komandiri Surət Hüseynovun başçılıq etdiyi qiyam illər keçsə də müzakirə obyektidir. Həmin hadisələrin şahidi olan Azərbaycanın Milli Qəhrəmanı Maşallah Abdullayevin müsahibəsini təqdim edirik:
- Maşallah bəy, qiyam vaxtını necə xatırlayırsınız?
- Mən həmin illərdə Goranboy rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində işləyirdim. Bütün hadisələr yadımdadır. Qarabağda vəziyyət çox pis idi. Torpaqlarımızın işğalı başlamışdı, düşmən dayanmaq bilmirdi. Azərbaycanın çətin durumunda Sürət Hüseynov və onun dəstəsi tamam fərqli və xəyanətkar bir mövqe tutmuşdu. Qiyam qaldırıb, Gəncədən Bakıya doğru hərəkət etdilər. Halbuki, həmin vaxtda ən lazımlı məsələ Qarabağı azad etmək, separatçıların üzərinə getmək idi. Qiyamdan sonra vəziyyət daha da pisləşdi, torpaqlarımızın çox hissəsi işğal olundu. Sonradan Azərbaycanın çıxılmaz vəziyyətə düşməsinin səbəbkarı elə Sürət Hüseynov idi.
- Bu qiyam bizdən tək Qarabağımı aldı? Sürət Hüseynov qiyam qaldırmasaydı, vəziyyət necə ola bilərdi?
- Mən yaşlanmışam. Bu gün-sabah dünyadan köçsəm, Qarabağın işğalını ürəyimdə yara olaraq aparacağam. Qarabağın həsrəti ilə yaşamış, Qarabağı bir daha görə bilməyərək dünyadan köçmüş yüzlərlə insan var. O zaman Qarabağın ən vacib məsələ olduğunu Sürət Hüseynov başda olmaqla hər kəs dərk etsəydi, bu gün biz öz torpaqlarımızda yaşayardıq. Hər ötən nəslə Qarabağ ağrısını qoyub gedirik.
- Sürət Hüseynov yalnız hakimiyyətə gələ bilmək üçün qiyam qaldırmışdı, yoxsa başqa məqsədləri də var idi?
- Onun tək niyyəti bu deyildi. Nə də ki, qiyamının nəticəsi tək Qarabağın itirilməsi oldu. Təki o zaman Qarabağ üçün hər kəs yumruq kimi birləşə biləydi. Qarabağ işğaldan azad olunaydı. Sürət Hüseynov hakimiyyət istəyirdisə, ölkəmizdə sabitliyi bərpa edəndən sonra demokratik yolla yenə də hakimiyyətə gələ bilərdi. Məqsədi nə olur olsun, o, vətənə, dövlətə, dövlətçiliyə xəyanət yolunu seçdi.