Türkiyəli iş adamı Ali Sərdar Oba Naxçıvan Muxtar Respublikası Ali Məclisini məhkəməyə verib. “Qaynarinfo”nun məlumatına görə, onun iddiasına Naxçıvan MR İnzibati Məhkəməsində baxılacaq.
Məhkəmə işi inzibati orqanların aktları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələrlə bağlıdır. Məlum olub ki, Ali Obanın Ali Məclisin indiki rəhbərliyi ilə heç bir problemi yoxdur. Onun problemi Ali Məclisin keçmiş sədri Vasif Talıbovladır. İş adamının 2022-ci ildə Vasif Talıbovla bağlı Dövlət Təhlükəsizlik Xidmətinə şikayət etməsi bu məlumatın əsassız olmadığını ortaya qoyur. Ali Oba şikayətini Türkiyənin muxtar respublikadakı konsulluğu vasitəsilə edib. Bu barədə mediada da məlumat yayılıb.
Türkiyəli iş adamının iddialarına görə, 2015-ci ildən Vasif Talıbov tərəfindən onun biznesinə əl qoyulub. Ali Obanın sözlərinə görə, 2 milyon pul yatırdığı Ordubad Parğaçay Mədən Ocağı, Şərur rayonunun Gümüşlü kəndində 400 min manatlıq balıq vətəgəsi və digər biznes obyektləri əlindən alıb. Bütün bunları şikayətində qeyd edən iş adamı hətta həyatına təhlükə olduğunu da bildirib.
Hələ 2022-ci ilin dekabrında Ali Obanın mətbuatda şikayət mətni yayılmışdı. Ali Oba yazırdı ki, 2007-ci ildən “Oba Qrup” MMC adı ilə fəaliyyət göstərən şirkət yaradıb, istehsal, ticarət, turizm sahələrində xidmət edib: “Ancaq 2015-ci ildə bütün mal varlığımız və yatırımlarımız Naxçıvan MR Ali Məclisinin sədri Vasif Talıbovun təlimatı ilə əlimizdən alınıb.
Əlimdən alınanlar:
Ordubad, Parağaçay mədən ocağı. 5 ildə 2 min metr dərinlikdə çalışdıq. Xərcim 2 milyon 48 min dollar;
Sərur, Gümüşlüdə Arpacay balıqçılıq. İldə 1000 ton civarında balıq ciftliyi qurdum. Əlimizdən aldılar. Xərcim: 413 min dollar
Metro-turizm ilə 2015-20-ci illər üçün 5 illik sistem qurdum. Əlimizdən zorla aldılar. Məsrəf - 105 min dollar.