Xəbər verdiyimiz kimi, tanınmış kriminal avtoritet, milyonçu, Ukraynadakı diasporumuzun üzvü Oleq Krapivin (Oleq Bakinski) Daxili İşlər Nazirliyi (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin (BMCMİ) əməkdaşları tərəfindən Bakıda həbs edilib. Axar.az xəbər verir ki, Ukraynaya girişi qadağan edilən Oleq Bakinski bir müddətdir Bakıda yaşayırdı.
Hələ ötən il Bakıda Azərbaycan Daxili İşlər Nazirliyinin əməkdaşlarının keçirdiyi xüsusi əməliyyat nəticəsində cinayətkar dəstənin üzvləri - Rail Cəbrayılov, Üzeyir Ağazadə (Zarinski) və Mirağa Əliyevin saxlanılması barədə məlumat dərc olunmuşdu.
Həmin əməliyyatdan sonra Ukrayna mediası saxlanılan cinayətkar dəstənin üzvlərinin Oleq Bakinski kimi tanınan keçmiş idmançı, milyonçu Oleq Krapivinin dəstəsi olduğunu yazmışdı.
Oleq Bakinskinin kifayət qədər kriminal keçmişi var.
Krapivinin 90-cı illərdə Kiyevdə fəaliyyət göstərən “Avdışa” və “Juravli” mütəşəkkil cinayətkar qruplaşmaları ilə bağlı olduğu bildirilir.
Məsələn, onunla bağlı qalmaqallardan biri 2019-cu ildə tanınmış hüquq müdafiəçisi Eduard Bağırovun döyülməsi ilə bağlıdır. Bağırovu kafeyə görüşə dəvət edən Krapivin bir neçə tərəfdarı ilə birlikdə hüquq müdafiəçisini döyür, pasportunu alır və bir neçə saat saxlayır. Həmçinin onu, arvadını və övladlarını öldürməklə hədələyir.