Sabah, avqustun 3-də keçmiş səfir Elmira Axundovanın yaxını Elnur İbrahimovun ölkədən qaçırılmasının 11-ci ili tamamlanır. Külli miqdarda dələduzluq cinayətində təqsirli bilinən Elnur İbrahimov 11 il əvvəl ölkədən qaçmazdan əvvəl Elmira Axundova ilə görüşmüşdü.
Qəbələ rayonunda baş tutan görüşdən sonra hüquq-mühafizə orqanları 3 il Elnur İbrahimovun izinə düşə bilmədilər. Onu izli-tozlu itirmişdilər.
Bu qaçışı kim təşkil etmişdi? Təşkilatçının marağı nə idi?
Bu suallara cavab vermək üçün o günlərdə baş verənlərə nəzər salaq.
Nə baş vermişdi?
2013-cü ildə o zaman deputat olan Elmira Axundovanın oğlu Həbib Axundov anasının xeyir-duası və birbaşa iştirakı ilə iş qurmaq adı ilə vətəndaşlardan pul toplayıb. Bu işdə Elnur İbrahimov Həbib Axundovun göstərişlərinin icraçısı rolunda olub. Elmira Axundova və oğlu vətəndaşlara bildiriblər ki, onlardan aldıqları pullarla Dubaydan Azərbaycana dəftərxana malları gətirib müxtəlif dövlət qurumlarına satacaqlar. Əldə edilən gəlirdən biznes ortaqlarına şirkətə qoyduqları pullara görə dividend veriləcək. 2-3 aylıq dividend verilişi sonradan dayandırılıb. Məlum olub ki, Elmira Axundovanın oğlunun göstərişlərini yerinə yetirən Elnur İbrahimov Dubaydan dəftərxana malları gətirmir. Bu, sadəcə çoxlu pul toplamaq üçün uydurulmuş bir əfsanə olub, faktiki olaraq biznes olmayıb. Şirkətdən dividend olaraq verilən pullar da elə bu adla vətəndaşlardan toplanılan vəsaitlərdən verilib. Yəni dost-tanışdan külli miqdarda pul yığılıb, həmin pullardan qəpik-quruşu “biznesdən gəlir” adı ilə onlara qaytarıb biznesin olduğuna inandırıblar.
Dividend verilməsi dayandırılandan sonra adamlar aldadıldıqlarını anlayıblar. Bundan sonra Elnur İbrahimovu hüquq-mühafizə orqanlarına təhvil vermək qərarına gəliblər. Bu zaman məsələyə deputat Elmira Axundova qarışıb. 2013-cü ilin avqustunda Elnur İbrahimov Həbib Axundovun müşayiəti ilə Qəbələyə Elmira Axundovanın yanına aparılıb.
Həmin gün orada yerləşən “Qafqaz resort” hoteldə düzənlənən tədbirə qatılan Elmira Axundova Elnur İbrahimovla görüşüb. Bundan sonra deputat aldadılan şəxslərə vəd edib ki, hər kəsin pulları geri qaytarılacaq, sadəcə bəzi dəqiqləşdirilmələr aparılmalıdır. Bu vəddən sonra isə Elnur İbrahimov ölkədən qaçırılıb. Gürcüstana, oradan isə Rusiyaya keçib. Bu qaçışdan sonra zərərçəkənlər hüquq-mühafizə orqanına üz tutmaqla Həbib Axundovun ailəvi dostu Elnur İbrahimovun saxlanılaraq istintaqa cəlb edilməsi üçün hərəkətə keçiblər. Lakin 3 ildən bir qədər artıq müddətdə Elnur İbrahimovun yerini müəyyən etmək mümkün olmayıb.