Bakının Suraxanı rayonunda 2005-ci il təvəllüdlü Əziz şəxsi münasibətlər zəminində mübahisə zamanı Elnura (adlar şərti verilib - red.) xəsarət yetirib. Teleqraf.com-un əldə etdiyi məlumata görə, Əziz 30 iyul 2023-cü ildə gecə saat 02:00 radələrində Elnurun "KIA Ceed" markalı avtomobilin salonunda Səmayə ilə cinsi əlaqədə olduğunu görüb.
Əziz irad bildirəndə Elnur ona təhqiramiz cavablar verib. Elnurun "sən məni tanımırsan, buranın vəziyyətinə mən baxıram" kimi özündənrazı sözləri mübahisəyə səbəb olub. Mübahisə zamanı Elnur yumruqla onun üz nahiyəsinə zərbələr vurub.
Əsəbiləşən Əziz Elnura üç bıçaq vurub.
İstintaq orqanı tərəfindən Əzizin barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Əziz ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, iyulun 3-də gecə saat 02:00 radələrində dostları ilə görüşəndən sonra yaşadığı evə gedib: "Evin yaxınlığında ağ rəngli avtomobilin dayandığını gördüm. Avtomobilin içərisindən qəribə səslər gəlirdi. Əvvəlcə içəridə qızların olduğundan şübhələndim. Maşına tərəf səsləndim, qapını bağlayıb, işığı söndürdülər.
İçəri baxdıqda bir oğlanla qızın cinsi əlaqədə olduğunu gördüm. Onları səslədim, avtomobildəki oğlan yanıma gəldi. Onunla mübahisə etməyə başladım. Oğlan istirahət etdiyini, mənim onun istirahətini pozduğunu bildirdi. Mən də ona buranın istirahət yeri olmadığını, bu ərazidə ana-bacılarımın yaşadığını və cinsi əlaqə ilə başqa yerdə məşğul olmalarını bildirdim".
Təqsirləndirilən şəxs qeyd edib ki, Elnur ona buranın "vəziyyətinə" baxdığını, onu tanımadığını bildirib: "Əl-ayaqları ilə bədənimin müxtəlif nahiyələrinə xəsarət yetirməyə başladı. Mən hadisə yerindən uzaqlaşdım. Evimizə yaxın yerdə qardaşımı gördüm və fikrimi dəyişdim.
Qardaşımla həmin yerə qayıtdım, yenidən mübahisə etməyə başladıq. Elnur məni buraxdı, qardaşımın üzərinə getdi. Yumruqla onun üz nahiyəsinə xəsarət yetirdi. Qardaşımın yanında olduğum üçün mənim də üzümə yumruq zərbəsi endirdi. Zərbənin təsirindən yerə yıxıldım. Elnurla qardaşım əlbəyaxa oldular. O, əli və ayaqları ilə qardaşımın bədəninin müxtəlif nahiyələrinə xəsarətlər yetirdi. Bunu görəndə belimdəki bıçağı çıxararaq Elnuru vurdum".
Təqsirləndirilən şəxs bildirib ki, Elnura xəsarət yetirməzdən əvvəl orada olan qız araya girib:
"Ehtiyatsızlıqdan qızın qolunu kəsdim. Elnuru qardaşımdan ayırmaq üçün ilk zərbəni onun arxa tərəfdən qolunun alt hissəsinə vurdum. Elnur məni qaldıraraq səkinin üzərinə yıxdı. Bədənimi qolları ilə tutduğu üçün sağ əlimdə saxladığım bıçaqla onun arxadan böyrək nahiyəsinə xəsarətlər yetirdim. Daha sonra Elnur məni buraxdı və qızla birlikdə oradan getdilər.