Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) İcraiyyə Komitəsinin 26 iyul tarixli iclasında qurumun növbədənkənar qurultayının çağırılması müzakirə edilib. Müzakirələrdən sonra AHİK-in növbədənkənar qurultayının bu il avqustun 26-da keçirilməsi barədə qərar qəbul olunub. Maraqlıdır ki, AHİK-in sonuncu qurultayı 2023-cü ilin 20 dekabrında növbədənkənar qaydada keçirilmişdi. Həmin qurultayda 6-cı çağırış Milli Məclisin deputatı Səttar Möhbalıyev yenidən AHİK-ə sədr seçilmişdi.
Bəs 1 il tamam olmamış AHİK niyə yenidən növbədənkənar qurultay çağırır?
Həmkarlar İttifaqları Konfederasiyasındakı mənbələrdən Modern.az-a daxil olan məlumata görə, uzun illərdir AHİK sədri vəzifəsini tutan 6-cı çağırış Milli Məclisin deputatı Səttar Möhbalıyev avqustun 26-da keçiriləcək növbədənkənar qurultayda istefa verəcək. Onun yenidən AHİK sədrliyinə namizədliyi irəli sürülməyəcək. Elə növbədənkənar VII qurultayın çağırılmasında əsas məqsəd də budur. Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının rəhbərliyinə yeni simaların gələcəyi bildirilir.
Qeyd edək ki, AHİK-in 28 üzv təşkilatı var.
Səttar Möhbalıyev 33 ildir ki, ölkədə 2,5 milyon işçinin əmək haqqından hər ay 1-5 faiz tutur. AHİK-ə ölkənin dörd bir tərəfindən olduqca böyük pullar axır. Bu pullardan vergi tutulmur, pulların hara xərclənməsini yoxlayan bir orqan da yoxdur. AHİK ölkə daxilində ofşor adasıdır, uzun illər böyük pulların hardan gəlib, hara getdiyinə Səttar Möhbalıyevlə ətrafına topladığı 3-5 nəfərdən başqa kimsə vaqif olmayıb. İndi isə vəziyyət dəyişib, pulların Möhbalıyevin nəzarəti altında necə bölüşdürülməsi, dağıdılması araşdırılmağa başlanıb. Araşdırmalar başlar-başlamaz AHİK sədri ürək xəstəliyi tapıb.
Səttar Möhbalıyevi yaxından tanıyan mənbənin verdiyi məlumata görə, AHİK sədrinin mal və sərvəti 3 milyard manatı aşır. Hazırda AHİK ölkə içərisində fəaliyyət göstərən ən böyük şəxsi imperiyadır. Səttar Möhbalıyev 2,5 milyon işçinin əmək haqqından hər ay AHİK-in hesabına köçürülən 2-5 faizin gətirdiyi milyonlar üzərində illərlə sərəncam verib. Lakin bununla da kifayətlənməyib, AHİK nəzdində fəaliyyət göstərən torpaqları, stadionları, avadanlıq və texnikanı sataraq sərvətinə sərvət qatıb.
Səttar Möhbalıyevin adı məhkəmə işlərinə də qarışıb. Sonuncu dəfə “Məhsul” stadionunun ərazisinin satılmasına görə hallanıb. Həbsə alınan stadion rəhbərinin vəkilləri dəfələrlə vəsatət qaldırsalar da, Səttar Möhbalıyev məhkəmə prosesinə gəlmədi, gətirilmədi. İndi isə vəziyyət dəyişib. Böyük Səttar Möhbalıyevin böyük biznes imperiyasının demontajı prosesinə start verilib. Onun milyardlarının “milliləşdirilməsi” istiqamətində addımlar atılmaqdadır. İyul ayında proses başlayanda AHİK sədri ürəyini tutub xəstəxanaya getdi.