İranın ruhani lideri Əli Xamnei Nikol Paşinyanla görüşündə bəyan edib ki, Tehran Zəngəzur marşrutu Ermənistanın ziyanınadır. Beləliklə, Xamnei öz mövqeyində qaldığını nümayiş etdirib. ABŞ-dan isə tamamilə fərqli bir açıqlama verildi. Dövlət katibinin Avropa və Avrasiya üzrə köməkçisi Ceyms O’Brayn qeyd edib ki, ABŞ Rusiya və Çindən yan keçməklə, Ermənistan və Azərbaycan əraziləri vasitəsilə Mərkəzi Asiya ölkələrindən dünya bazarlarına yeni quru yolu yaratmaq imkanını nəzərdən keçirir. Konkret.az xəbər verir ki, “Hayatsk” analitik mərkəzinin eksperti Anna Karapetyan bildirib ki, kommunikasiyaların açılması kollektiv Qərbin marağındadır və Rusiyanın bu kommunikasiyalara təsiri olmamalıdır.
“Rusiya kommunikasiyaların açılmasında maraqlıdır, lakin onun təsiri və ya nəzarəti altında olacaqmı? Artqı bu, başqa mövzudur. İrana gəlincə, rəsmi Tehran Ermənistan-İran sərhədində təhlükənin yaranmasını istəmir. Türkiyə və Azərbaycanın mövqeyi mütləq aydındır, çünki tərəflərin nəinki imzaladıqları, hətta ratifikasiya etdikləri, faktiki olaraq onların qanunvericiliyinin tərkib hissəsinə çevrilmiş məşhur Şuşa bəyannaməsini hamımız çox yaxşı xatırlayırıq və Zəngəzur dəhlizi ifadəsi bəyannamənin içində sabitlənmişdir. Azərbaycan və Türkiyə o yola nəzarət etmək istəyir ki, Ermənistanın ona nəzarət etmək imkanı olmasın.
Türkiyə və Azərbaycan başa düşür ki, dəhlizin müəyyən hissəsi Ermənistan ərazisindən keçəcək, zaman keçdikcə azərbaycanlışdırılacaq. Bu, onların “Qərbi Azərbaycan” məntiqinə çox uyğun gəlir. Ermənistana gəldikdə isə, görünür, Ermənistan hakimiyyəti “Sülh yollarının kəsişməsi” təklifi altında öz baxışlarını formalaşdırmağa çalışıb. Hakimiyyət çox yaxşı başa düşür ki, bu, real deyil. Həmin təşəbbüsün əsas məqsədi bir tərəfdən xoşməramlılıq və konstruktivlik nümayiş etdirməkdir ki, onlar da kommunikasiyaların açılmasında maraqlıdırlar, lakin Ermənistan həmin ərazi üzərində öz suverenliyini qoruyub saxlamalıdır. Əks təqdirdə bu təşəbbüs açıq şəkildə dövlətin maraqlarına xidmət etmir. Biz Qərbdən dəfələrlə bu təşəbbüsü dəstəkləyən müəyyən bəyanatlar eşidirik, çünki o, 10 noyabr məntiqinə deyil, Rusiyanın təsirindən, nəzarətindən söhbət getməyən yeni məntiqə əsaslanır. Bu, o deməkdir ki, həmin təşəbbüs Qərbin maraqlarına xidmət edir və beləliklə, həmin kommunikasiyaların açılması Rusiyanı bu razılaşmalardan kənara çıxarır”.
Erməni siyasətçi daha sonra deyib: “Təsadüfi deyil ki, Qərb Ermənistana müəyyən alternativlər təklif etməyə çalışır və eyni məntiqlə, məsələn, Ermənistanda Amerika modeli üzrə atom elektrik stansiyalarının tikilməsi ilə bağlı müzakirələr gedir.