Hazırda 117 deputatı olan V Milli Məclis buraxıldı. 2015-ci il noyabrın 1-də keçirilmiş parlament seçkisində formalaşan Milli Məclisdə 124 nəfər mandat almışdı. 2016-cı il iyunun 18-də keçirilmiş təkrar seçkidə daha 1 nəfər deputat seçilib. Sonradan 6 deputat icra hakimiyyətinə yüksək vəzifələrə təyin olunub, 1 deputat dünyasını dəyişib, 1 deputat mandatından imtina edib. Nəticədə iki gün öncə yeni buraxılan Milli Məclisin deputatlarının sayı 117-yə enmişdi.
Milli Məclisdə Yeni Azərbaycan Partiyasından başqa Vətəndaş Həmrəyliyi, Ana Vətən, Bütöv Azərbaycan Xalq Cəbhəsi, Demokratik İslahatlar, Böyük Quruluş, Vətəndaş Birliyi, Sosial Rifah, Sosial Demokrat, Vəhdət, Demokratik Maarifçilik, Milli Dirçəliş Hərəkatı partiyalarının təmsilçiləri var. VHP iki deputatla, digərləri isə hərəsi 1 deputatla parlament partiyası statusundadırlar.
Novator.az isə xatırladır ki, 1995-2000-ci illərin birinci Milli Məclisində Yeni Azərbaycan, Azərbaycan Xalq Cəbhəsi, Milli İstiqlal, Demokratik İstiqlal, Demokratik Sahibkarlar, Demokratik Maarifçilik, Ana Vətən, Vətəndaş Həmrəyliyi, Sosial Rifah və Müsavat partiyalarının mandatları olub.