Goranboy Rayon İcra Hakimiyyətində daha bir məsul şəxs istefa verib. İcra Hakimiyyəti başçısının müavini Şamxal Həsənovun istefasından sonra Böyük məsləhətçi - Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi Nicat Məmmədov da anoloji addım atıb.

Fotoda: Nicat Məmmədov
Məlumata görə, Ş.Həsənovla N.Məmmədov yaxın dost olublar. Ş.Həsənovun istefasından sonra rayon icra başçısı Məhərrəm Quliyev N.Məmmədovun ərizəsinin üstünü yazaraq, onu da işdən azad edib.

Fotoda: Seymur Nazarov
Məsələ ilə bağlı N.Məmmədov Bakupost.az -a açıqlamasında bildirib ki, başçının birinci müavini Seymur Nazarovla aralarında baş verən narazılıq, onun işinə mane olması səbəbindən bu addımı atmağa məcbur olub:
“Mən başçıya məlumat verdim. Ərizə yazanda bildirmişdim ki, mənə qarşı haqsız, ədalətsiz münasibət göstərildiyi üçün vəzifə səlahiyyətlərimi faktiki olaraq yerinə yetirə bilmirəm, xahiş edirəm, tutduğum vəzifədən azad edin. Mənə işləməyə imkan vermirdi. Bu adamın səriştəsizliyi, öz işindən başqa bütün məsələlərə müdaxilə etməsi orada çalışmağımı mümkünsüz etdi. Mən başçıya bu barədə dəfələrlə bildirdim, amma o, heç bir tədbir görmədi”.
