Hələ 2022-ci ildə “İçərişəhər” Dövlət Qoruğuna müdir təyinatı alan Şahin Seyidzadənin yenidən deputatlığa namizədliyi irəli sürülüb. Qoruq müdiri təyinatından sonra bəh-bəhlə “peşəkar”, “bacarıqlı kadr” kimi təqdim olunan Şahin Seyidzadənin geri dönüş etməsi buraxdığı səhvlərlə bağlıdır.
Qeyd edək ki, sözügedən şəxs 2020-ci il parlament seçkilərində 50 saylı Qobustan-Abşeron seçki dairəsindən deputatı olmuşdu. “İçərişəhər” Dövlət Qoruğuna müdir təyinatı aldıqdan sonra isə deputat mandatına xitam verilmişdi. Bəs, nə baş verdi ki, Seyidzadə yenidən geri qaytarılır?
Tribunainfo.az bildirir ki, onun qoruq müdiri kimi etimadını itirməsinin birinci səbəbi qəbul zamanı Qarabağ qazisinin özünə xəsarət yetirməsi olub. Həmin vaxt qazinin özünə xəsarət yetirməsini gizlətməyə nail olan Seyidzadə, bu işdə TƏBİB-in də imkanlarından yararlanmağı bacardı.
Belə ki, xəstəxanaya zorla çatdırılan və həyatı xilas edilən qazinin başına gələnləri təkcə qoruq müdiri deyil, elə TƏBİB də ustalıqla gizlətməyə, cəmiyyətə məlumat verməməklə üstünü örtməyə nail oldu.
Düzdür, bu hadisə onun aktivinə mənfi xal yazdırdı, amma postunu təhvil verməsi məsələsinə müəyyən qədər göz yumulmasına səbəb oldu.
Lakin Hesablama Palatasının apardığı yoxlama Seyidzadənin sonunu gətirən ikinci və əsas amilə çevrildi.
Belə ki, Palata apardığı yoxlamalar zamanı “İçərişəhər” Dövlət Qoruğunda kifayət qədər ciddi maliyyə yeyintilərinin olduğunu aşkarladı. Aydılan büdcə pullarının təyinatdan kənar xərcləməkdən tutmuş, əsasız xərclərə qədər ciddi faktların üzə çıxması onun postu ilə üzləşməsinə gətirib çıxardı.