Bu il sentyabrın 1-də Azərbaycan Milli Məclisinə növbədənkənar seçkilər keçiriləcək. Artıq namizəd olmaq istəyənlərin müraciəti üçün nəzərdə tutulan müddət başa çatıb.
Gələn həftədən ölkədə seçkiqabağı təşviqat başlayır. Qanunvericilikdə seçkiqabağı təşviqata səsvermə gününə 23 gün qalmış icazə verilir. Seçkidən bir gün əvvəl və seçki günü isə təbliğat-təşviqat aparılması qadağandır.
Amma qeydə alınmış namizədlər içərisində Seçki Məcəlləsinin tələblərini pozaraq, vaxtından əvvəl təbliğat işlərinə başlayanlar var. Bununla bağlı Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov da xəbərdarlıq edib.
O bildirib ki, qeydə alınmış namizədlər belə hallara yol verməməli, təşviqata başlamalı deyillər: "Belə hallar olsa, MSK araşdıraraq hətta həmin şəxsin namizədliyini də ləğv edə bilər”.
Belə olan halda qanunu pozan namizədləri hansı cəza tədbirləri gözləyir? Onların namizədliyi ləğv oluna bilərmi?