Məzmuna keç
Pravda.az — xəbər portalı
Siyasət

Surət Hüseynovla bağlı SENSASİON AÇIQLAMA

3 019
Paylaş:
Surət Hüseynovla bağlı       SENSASİON AÇIQLAMA

1993-cü ilin iyun hadisələrindən 27 il keçir. Hər il bu tarix gələndə, ölkə gündəmindəki bütün mövzular az qala, arxa plana keçir. Müzakirələr, mübahisələr, iddia və ittihamlar siyasət və informasiya məkanını işğal edir. Yaxın tarixin tozlanmayan səhifələri, faktları qaldırılır, yaddaşlar təzələnir. Ona görə də bəzən cəmiyyətdə belə bir təəssürat yaranır ki, 1993-cü il iyun hadisələri sanki dünən olub.

Bu dəfə də belədir, yenə də bir neçə gündür gündəmdə həmin mövzudur. Hətta bu mövzuya Milli Məclisin 5 iyun iclasında hakim partiyanın deputatlarının da çıxışlarında toxunulub. Milli Məclisin komitə sədri Siyavuş Novruzov bildirib ki, o hadisələr zamanı Daxili Qoşunların komandiri Surət Hüseynovun əsirliyində olub, Surət Hüseynov ovaxtkı baş prokurora kazarmanın həyətin süpürtdürürmüş: “Surət Hüseynov Əli Kərimlini, İsa Qəmbəri dar ağacından asacaqdı. Heydər Əliyev onları xilas etdi. İki il Kələkidə gizlənən Əli Kərimli indi qəhrəman kimi danışır, demokrat donu geyinib ortaya düşüblər. Tarix gələcək nəsillər üçün ibrət dərsi olmalıdır”.

AXC hakimiyyəti zamanı baş prokuror vəzifəsini tutmuş İxtiyar Şirin isə “azpolitika.info”-ya müsahibəsində qiyamçıların onu girov götürüb təhqir etdiyini bildirib. Ancaq bu təhqirlərin sırasında kazarmanın həyətinin süpürdülməsi faktının olub-olmadığı barədə heç nə deməyib: “Əslində o zaman 500-ə qədər vəzifəli şəxs və hərbçi həbs edilmişdi. Gəncədəki anbarlar, zirzəmilərin hamısı Azərbaycanın dövlət adamları ilə doldurulmuşdu. Bu proses Rusiyanın Baş Kəşfiyyat İdarəsinin nəzarəti altında həyata keçirilirdi. Rusiya Baş Kəşfiyyat İdarəsinin Gəncədəki bölməsinə uzun müddət rəhbərlik edən Şerbakın kürəkəni deyilən Surət Hüseynov da bu işlərin başında dayanmışdı. Həbs edildikdən sonra əsasən mənə hədə-qorxu gəlinirdi. Yəni siz kimsiniz, Gəncəyə niyə gəlmisiniz, sizi öldürəcəyik, məhv edəcəyik və s. Surətlə görüşüm bir anlıq-təxminən 50 saniyə olub. Surət, AMİP-in nümayəndələri, cinayətkar şəxslərlə birlikdə həbs edilən dövlət adamlarını bir-bir gətizdirib təhqir edir, daha sonra zirzəmiyə göndərirdi. Mən də eyni ilə Surətin, AMİP nümayəndələrinin olduğu yerə gətirilmişəm və orada hədə-qorxu gəldilər, təhqir edildim. Orada da bəyan etmişəm ki, nə Surət Hüseynovu tanıyıram, nə də başqasını. Sonra da məni zirzəmiyə göndərdilər”.

İ.Şirin Gəncəyə prezidentin göstərişi ilə deyil, öz təşəbbüsü ilə getdiyini açıqlayıb: “Gördüm Gəncədə vəziyyət ağırdır. Cinayətkar dəstələrə qarşı hər kəs öz üzərinə düşəni yerinə yetirməli idi. Mən də vəzifəmi yerinə yetirmək məqsədilə Gəncəyə getdim.

Getməzdən əvvəl Surət Hüseynov haqqında 3 cinayət işi qaldırılmışdı. Məsələ təkcə 4 iyunla bağlı deyildi. Biz cinayət işi qaldırıb istintaq, təhqiqat işi aparırdıq.

İfadə almaq üçün Surətin dəstəsinə yaxın düşmək mümkün deyildi. Onlar cinayətkar dəstə idi, bu haqda respublika rəhbərliyi məlumatlı idi. Surəti ifadə verməyə gətirmək üçün təcili tədbirlər görülməli idi. Biz bununla əlaqədar dəfələrlə Müdafiə Nazirliyinə müraciət etmişdik. Ancaq heç bir tədbir görülmədi. O zaman Rəhim Qazıyevlə bağlı da cinayət işi açmışdıq. Eləcə də həbsxanalardan 700 cinayətkar məhbusun qanunsuz azad edilərək Surət Hüseynovun dəstəsinə qatılması faktına dair cinayət işi qaldırmışdıq. Bu qiyamdan az əvvəl olmuşdu. Surət elə bu 700 dustaqla ölkəmizi viran qoydu.

700 məhbusu həbsxanalara nəzarət və rəhbərlik edən şəxslər azad etmişdi. Həmin məhbusların Milli Məclisdə qəbul olunmuş Amnistiya aktına aidiyyəti yoxdur. Amnistiya Milli Məclisdə qəbul olundu və sonra insanlar azadlığa buraxıldı. Mən dediyim 700 məhbusun bu amnistiya ilə yaxından-uzaqdan əlaqəsi yoxdur. 700 nəfər qanunsuz olaraq həbsxanalardan çıxarılıb Surətin sərəncamına verilmişdi. Bu qiyamdan 2-3 ay əvvəl baş vermişdi”.

“Bəs Prezidentin həbsinə sanksiya məsələsi necə oldu? Bunu da hədə-qorxu altında tələb etdilər” sualına keçmiş baş prokuror belə cavab verib: “Sanksiyanı Nemət Pənahlı, Əli Ömərov və Surət Hüseynov birlikdə hazırlayıb. Bu saxta sənəd idi və bu barədə məhkəmənin qərarı da var. Məhkəmə qərarı ilə bəyan olunub ki, İxtiyar Şirin sanksiya haqqında qərar verməyib. Mən Əli Ömərovu bu böhtana görə məhkəməyə verdim. Məhkəmə də qərar çıxardı ki, İxtiyar Şirin Əbülfəz Elçibəy haqqında sanksiya verməyib. Əli Ömərov dəstəsi ilə bu qərarı ləğv etdirmək üçün Ali Məhkəməyə qədər getdi. Amma Ali Məhkəmə yerli məhkəmənin qətnaməsini qüvvədə saxladı. Bu məhkəmə prosesi 2013-cü ildə olub”.

Beləliklə, hər olduğu kimi bu il də iyun ayının ilk günlərində “Surət Hüseynov” adı mediada ən çox yazıldığı, müzakirə edildiyi isim oldu. 4 iyunda Əbülfəz Elçibəy hakimiyyətinə qarşı hərbi qiyam qaldıran və hakimiyyətin devrilməsinə səbəb olan Surət Hüseynov kim olub?

Onun barəsində araşdırma apardıq və ilk olaraq internetdə Youtube-də Surət Hüseynov haqda yazılanlara nəzər yetirdik.

Surət Davud oğlu Hüseynov 1959-cu ildə Gəncə şəhərində anadan olub. Azərbaycan Texnologiya İnstitutunu bitirib. 1977-ci ildən 1979-cu ilə qədər Sovet ordusunda xidmət edib. 1980-ci ildə institutda oxuya-oxuya, Gəncə şəhərində xalça-mahud kombinatında usta köməkçisi kimi işləyib. 1983-ci ildə institutu bitirib Pyatiqorsk şəhərinə köçmüş, sonra Azərbaycana qayıtmış və 1984-cü ildən Şəki tədarük idarəsinin çeşidləyicisi, 1986-cı ildən Yevlax rayonunda Yunun ilkin emalı fabrikinin böyük nəzarətçisi, sex rəisi, 1989-cu ildən həmin fabrikin direktoru vəzifələrində işləyib. Bu fabrikin direktoru işləməsi Surət Hüseynovun əlində ciddi ölçüdə vəsaitlərin toplanmasına səbəb olur.

Surət Hüseynov 1992-ci ilin əvvəllərində könüllü batalyon yaratmış və o vaxtdan Qarabağdakı döyüş əməliyyatlarına maliyyə dəstəyi verib. 1992-ci ilin iyulundan 1993-cü ilin fevralınadək Azərbaycan Respublikası baş nazirinin müavini və prezidentin Qarabağ üzrə fövqəladə səlahiyyətli nümayəndəsi, eyni zamanda, milli ordunun korpus komandiri vəzifələrində çalışıb.

Prezident Əbülfəz Elçibəyin 8 avqust 1992-ci il tarixli fərmanına əsasən Qarabağda olan 40 minlik silahlı qüvvə yeni yaradılmış 2-ci Ordu Korpusuna tabe etdirilmiş və S.Hüseynov korpusun komandanı təyin edilib. 1992-ci ilin iyun-oktyabr aylarında Qarabağın 52%-i- keçmiş Şaumyan rayonu, Ağdərənin böyük hissəsi, Laçın rayonu (şəhər istisna olmaqla), ümumilikdə 220 yaşayış məntəqəsi düşməndən azad edildi. Bu uğurlarda Surət Hüseynovun da rolunun olduğunu əsas göstərən prezident Elçibəy 9 oktyabr 1992-ci ildə Surət Hüseynova Azərbaycanın Milli Qəhrəmanı adının verilməsi barədə fərman imzalayıb.

Surət Hüseynovla hakimiyyətdəki Azərbaycan Xalq Cəbhəsi liderləri arasında ziddiyyətlər əsasən 5 noyabr 1992-ci ildə Mərdəkanda şam yeməyi zamanı onun 1993-cü ilin mayınadək planlaşdırılmış hərbi əməliyyatlardan danışmaqla yanaşı, AMİP sədri Etibar Məmmədovun baş nazir təyin edilməsi təklifini verməsindən sonra başlayır. Bununla razılaşmayan rəhbərlikdə artıq Surət Hüseynovun Etibar Məmmədovla birgə hərbi çevriliş planladıqları haqda şübhələr yaranır. Hətta bunu əsas gətirən prezident Elçibəy müdafiə naziri Rəhim Qazıyevdən Surət Hüseynovu korpus komandirliyi vəzifəsindən azad etməyi tələb edir. Lakin R.Qazıyev bununla razılaşmır.

2-ci korpus 1993-cü ilin yanvarında Ağdərə və Fərrux istiqamətlərində genişmiqyaslı hücuma atılır. Amma fevralın 5-də ermənilərin əks-hücumu nəticəsində Azərbaycan qüvvələri azad edilmiş mövqelərdən tədricən geri çəkilməyə başlayır. Beləliklə, Xankəndinin cəmi 20-30 km-dək gedib çıxmış ordumuz məğlubiyyətə düçar olur. 9 fevral 1993-cü ildə AXC İcraiyyə Komitəsinin sədri Fərəc Quliyev “Sürət Hüseynovun Ağdərədən qoşunları çıxarması, ermənilərin qarşısını açması və bununla da Vətənə xəyanət etməsi” haqda bəyanat verir. Məhz bundan sonra Surət Hüseynov-Elçibəy iqtidarı münaqişəsi daha da qızışan xətlə inkişaf edir. Surət Hüseynov baş nazirin müavini və korpus komandirliyindən azad edilir.

1993-cü il 2 apreldə Kəlbəcərin işğalından sonra, S.Hüseynov rəsmi Bakıya tabe olmur və hakimiyyətə qarşı ultimatumlar verməyə başlayır. Hakimiyyət onun necə tabe etdirilməsi barədə götür-qoy edir. Nəticədə 1993-cü il iyunun 4-də Gəncədə yerləşən Surət Hüseynova tabe olan 709 saylı hərbi hissənin tərksilah edilməsi haqda əmr verilir. Uğursuzluğa düçar olan əməliyyat hər iki tərəfdən 35 nəfərin həlak olması ilə nəticələnir. Bundan sonra daha da hiddətlənən S.Hüseynov tərəfdarları Bakıya doğru istiqamət alır və prezident başda olmaqla AXC iqtidarının istefasını tələb edirlər. Bu vaxt prezident Elçibəy Naxçıvan Ali Sovetinin sədri olan Heydər Əliyevi ölkədə sabitlik yaratmaqda yardımçı olması üçün Bakıya dəvət edir. Heydər Əliyev Gəncəyə gələrək S. Hüseynovla görüşür. Elçibəyin hakimiyyətdən gedişi ilə nəticələnən prosesdə Surət Hüseynov baş nazir təyin olunur. Lakin böyük iddialara sahib 34 yaşlı baş nazir 1994-cü il oktyabrın 2-də prezident Heydər Əliyevə qarşı da çıxır və dövlət çevrilişinə cəhd edir. Lakin qarşısında böyük təcrübə və iradəyə malik Heydər Əliyevin olması onun budəfəki çevriliş cəhdini uğursuzluğa düçar edir. 1994-cü il oktyabrın 14-də Milli Məclis onun cinayət məsuliyyətinə cəlb olunmasına, barəsində həbs qətimkan tədbiri seçilməsinə razılıq verilməsi və Azərbaycanın Milli Qəhrəmanı adından məhrum edilməsi barədə qərar qəbul edir.

Bundan sonra Azərbaycanı tərk edən Surət Hüseynov 1997-ci ildə Rusiyada saxlanılaraq Azərbaycana gətirilib və 1999-cu ilin fevral ayında məhkəmənin qərarı ilə ömürlük həbs cəzasına məhkum edilib. 2004-cü il martın 17-də prezident İlham Əliyevin əfv fərmanı ilə həbsdən azad olunub. Həbsdən azad olandan sonra S.Hüseynov siyasətlə məşğul olmur. Onun konkret harada yaşadığı barədə belə, dəqiq informasiya yoxdur. Rusiya və Türkiyədə biznes fəaliyyəti ilə məşğul olduğu deyilir.

2012-ci il avqustun 22-də Milli Məclisin sədri Oqtay Əsədova göndərdiyi müraciətində Surət Hüseynov iddia edib ki, Milli Qəhrəman adının ondan alınması zamanı qanun pozuntularına yol verilib. Ona görə də Milli Qəhrəman adının ona qaytarılmasına dair müraciətinin Milli Məclisdə müzakirəyə çıxarılmasını, onun qəhrəman adından məhrum edilməsi haqda qərarın ləğv edilməsini və Milli Qəhrəman adının ona qaytarılmasını istəyib. Lakin istəyi yerinə yetirilməyib.

Son vaxtlar isə Surət Hüseynov Youtube-da biri-birinin ardınca geniş müsahibələr verir və həmin dövrün proseslərinə öz prizmasında mövqe bildirir.

Paylaş:

Ən son xəbərlər