Pravda.az axar.az-a istinadla təqdim edir:
Oleq Krapivin – Oleq Bakinski olduqca təzadlı şəxsdir: 1960-cı ildə Şamaxıda anadan olub, 6 il sonra ailəsi ilə Bakıya köçüb, idman təmayüllü internat məktəbində təhsil alıb, sərbəst güləş üzrə ondördqat Azərbaycan çempionudur.
1989-cu ildə Ukraynaya gedib və bir müddətdən sonra iş adamına çevrilib. Bir neçə il öncəyə qədər 84 milyonluq var-dövlətlə Ukraynanın 100 varlı şəxsi sırasına (98-ci yer) düşməyi bacarmışdı.
Oleq Krapivin həm də kriminal aləmdə “Oleq Bakinski” kimi tanınır, avtoritetdir və avtoritet olduğunu heç vaxt gizlətməyib. Onun haqqında təzadlar da buradan başlayır: bir çoxu Bakinskinin diaspor fəallığını özünə və sərvətinə “qalxan” yaratmaq üçün düşünülmüş addım kimi qiymətləndirir və Ukraynadakı Azərbaycan diasporunda onun adının hallanmasına qarşıdır, çünki kriminal aləmə ciddi şəkildə bağlılığı olan Krapivin Azərbaycan diasporu haqda heç də müsbət imic formalaşdırmır, üstəlik, onun Ukraynada olan varlı azərbaycanlılardan “haqq” tələb etməsi iddiaları da var; bəziləri isə onun Ukraynada darda olan azərbaycanlılara doğrudan da dəstək olduğunu bildirir.
Oleq Krapivin 2016-cı ildə Azərbaycanın bədən tərbiyəsi və idmanın inkişafında xidmətlərinə görə “Əməkdar Bədən Tərbiyəsi və İdman Xadimi” fəxri adına da layiq görülüb. Ancaq 2022-ci ildəki “Dostluq” ordenindən fərqli olaraq, bu fəxri adı hallandırılmır. Çünki doğrudan da ondördqat çempion olmaqla yanaşı, Krapivin veteranlar arasında dünya çempionatının da qalibi olub.
2022-ci ildə isə vəziyyət dəyişmişdi. Belə ki, 2020-ci ildən başlayaraq, Krapivin haqda Ukrayna mediasında ciddi iddialar səsləndirilirdi və bu iddiaların davamı olaraq onun haqqında araşdırma başlamışdı. Onun hətta bir əməliyyat zamanı “qanuni oğru” kimi Ukrayna polisi tərəfindəns axlanıldığını əks etdirən fotolar da yayılmışdı.
2022-ci il 24 fevralda Rusiyanın Ukraynaya hücumundan sonra isə vəziyyət Bakinski üçün daha da çətinləşir: o, mediada 90-cı illərdə qəsb və quldurluqla var-dövlət toplamaqda ittiham edilir, istintaqın isə istiqaməti dəyişir - işğalçılarla əməkdaşlıq və şəriklik şübhəsi, Kadırovun Ukraynadakı quldur dəstələri ilə əlaqə və Zaporojye vilayətində humanitar yüklərin bir hissəsinin onlara ötürülməsi ehtimalı...