Hesablama Palatası Qəbələ Rayon Mərkəzi Xəstəxanasının tikintisi üzrə Səhiyyə Nazirliyinə ayrılan dövlət investisiyalarının istifadəsində nöqsanlar aşkarlayıb.
Qaynarinfo xəbər verir ki, bu barədə Palatanın Səhiyyə Nazirliyinə ayrılan dövlət investisiyalarının (Qəbələ Rayon Mərkəzi Xəstəxanasının tikintisi üzrə) auditi üzrə apardığı kənar dövlət maliyyə nəzarəti tədbirinin nəticələrinə dair auditor hesabatında qeyd edilib.
“Qəbələ Rayon Mərkəzi Xəstəxananın tikintisi” layihəsinin 1-ci və 2-ci mərhələlərinin layihə-smeta sənədlərində “Nəzərdə tutulmayan işlər və xərclər üzrə ehtiyat vəsait”in istifadə olunmayan hissəsinin müqavilədə və yerinə yetirilmiş işlərin qəbulu aktında işlərin dəyərinə əlavə edilməsi hesabına işlərin dəyərinin 1-ci mərhələ üzrə 256.868,97 manat, 2-ci mərhələ üzrə 82.440,15 manat, ümumilikdə 339.309,1 manat artırılmasına və podratçıya artıq ödənilməsinə səbəb olub.
“Qəbələ Rayon Mərkəzi Xəstəxananın tikintisi” layihəsinin 1-ci mərhələsi üzrə bazis qiymətləri ilə tikintinin dəyərinin müəyyənləşdirilməsində smeta üzrə 4 bölmədə işlərə vahid qiymət normasının düzgün tətbiq edilməməsi işlərin ehtimal dəyərinin artması ilə yanaşı satınalma məbləğinin və yerinə yetirilmiş işlərin dəyərinin ümumilikdə 542.172,74 manat artırılması və podratçıya artıq ödənilməsi ilə nəticələnib.
“Qəbələ Rayon Mərkəzi Xəstəxananın tikintisi” layihəsinin 1-ci və 2-ci mərhələlərinin layihə-smeta sənədlərində əsassız olaraq küləyin təsirinə görə podratçı təşkilatların əlavə xərclərinə vəsait nəzərdə tutulması, habelə satınalma sənədlərinə və yerinə yetirilmiş işlərin qəbulu aktına daxil edilməsi işlərin dəyərinin 1-ci mərhələ üzrə 55.072,41 manat, 2-ci mərhələ üzrə 43.860,19 manat, ümumilikdə 98932,6 manat artırılması və podratçıya artıq ödənilməsi ilə nəticələnib.
“Qəbələ Rayon Mərkəzi Xəstəxanasının tikintisi” layihəsinin 1-ci və 2-ci mərhələləri üzrə smeta və satınalma müqaviləsində nəzərdə tutulan işlərlə müqayisədə yerinə yetirilmiş işlərin qəbulu aktlarında həcmləri azaldılmış və icra edilməyən bəzi işlərin əvəzinə smeta və satınalma müqaviləsində nəzərdə tutulmayan və dövlət ekspertizasından keçməyən daxil edilmiş işlərin bazis qiymətləri ilə dəyəri çıxarılmış işlərin dəyərindən az olduğu halda bərabər götürülməsi hesabına işlərin ümumi dəyəri qənaət məbləğləri nəzərə alınmaqla 1-ci mərhələ üzrə 57.437,36 manat, 2-ci mərhələ üzrə 454.040,52 manat, ümumilikdə isə 511.477,9 manat artırılmış və podratçıya artıq ödənilib.
Layihənin icrası üzrə ehtiyacların müəyyənləşdirilməsi, ilkin satınalma planının hazırlanması, təsdiq edilməsi və dövlət satınalmalarının vahid internet portalında yerləşdirilməsi prosesinin aparılmaması keçirilmiş satınalma proseduru üzrə bağlanılmış satınalma müqaviləsinin öhdəliklərinin də icrasında dəyişikliklərə səbəb olmaqla yanaşı dövlət satınalmalarını tənzimləyən qanunvericiliyinin tələblərinin pozulması ilə nəticələnib.