Sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkilərinə sayılı günlər qalıb. Namizədliyi qeydə alınmış şəxslər 2 gün sonra təbliğat-təşviqat kampaniyasına başlayacaqlar. 21 gün sonra isə, seçicilərə düşünmək üçün 24 saat vaxt veriləcək və bununla da ölkənin həyatında daha bir mühüm kampaniya geridə qalmış olacaq. Pravda.az yenisabah.az-a istinadən xəbər verir ki, seçkinin birinci mərhələsi maraqlı nüanslarla yadda qalıb. Hakim Yeni Azərbaycan Partiyasının 125 seçki dairəsi üzrə irəli sürdüyü namizədlərin hər biri müvafiq DSK-lar tərəfindən qeydə alınıb. Bununla paralel olaraq, Müsavat, ReAl, KXCP, ADP, Ümid kimi aparıcı müxalifət partiyalarının da üst-üstə 100-dən artıq namizədliyi qeydiyyata alınıb.
Məlum olduğu kimi, bu dəfəki parlament seçkilərində də, hakimiyyət və müxalifət təmsilçiləri ilə yanaşı, bitərəflər də deputat mandatı uğrunda mübarizə aparır. Onların arasında kifayət qədər tanınmış ictimai-siyasi xadimlər, sabiq millət vəkilləri də var.
Həmin şəxslərdən biri - akademik Ziyad Səmədzadə növbəti dəfə namizədliyini irəli sürüb. 84 yaşlı Ziyad Səmədzadənin yenidən seçki mübarizəsinə qoşulması müzakirəsiz ötüşməyib.