Ötən gecə Bakının Mərdəkan qəsəbəsində, Xəzər sahilindəki restoranlardan birində 1970-ci il təvəllüdlü Amin Cabir oğlu Xudaverdiyev öldürülüb. Kriminal aləmdə Amin Mərdəkanski kimi tanınan Amin Xudaverdiyevi 1993-cü il təvəllüdlü Ruhulla Abdullazadə odlu silahdan açdığı atəşlə qətlə yetirib. Belə məlumatlar var ki, qətldən sonra Amin Xudaverdiyevin üzü tanınmaz hala salınıb. Amin Xudaverdiyevin cansız bədəni Xəzər Rayon Məhkəmə Tibb Ekspertizasına aparılıb. Gecə ilə cəsəd məhkəmə tibbi müayinədən keçirilərək dəfn olunub. İddia edilir ki, belə bir qəddar davranışın sensasion təfərrüatı var.
Amin Xudaverdiyev bir neçə dəfə evli olub. Onun Pribaltikadan olan bir xanımla izdivacından dünyaya gələn qızı ilə Amin Xudaverdiyevin qətlinə görə həbsə alınan Ruhulla Abdullazadənin qardaşı Elməddin Abdullazadə ilə evlidir. Ötən il Amin Xudaverdiyevlə qudası Cavanşir Abdullayev arasında torpaq mübahisəsi olub. Bildirilir ki, Amin Xudaverdiyev Mərdəkan və ətraf qəsəbələrdə çoxsaylı torpaq sahələrinin zəbt olunaraq digər şəxslərin adına keçirilməsində müstəsna rol alıb. Belə torpaq sahələrindən biri də qudasına məxsus olub. Qudası torpaq sahəsini Amin Xudaverdiyevə vermək istəmədiyindən aralarında kəskin mübahisə olub. İş o yerə çatıb ki, Amin Xudaverdiyev qızını qudasının evindən çıxararaq öz evinə aparıb. Qızının həyat yoldaşı Elməddin Abdullazadəni də həbslə hədələyib. Sonradan Elməddin Abdullazadə odlu silah gəzdirmə ittihamı ilə həbsə alınıb və hazırda həbsdədir.
Amin Xudaverdiyevlə Cavanşir Abdullayevin mübahisəsindən bir neçə ay sonra, 2023-cü il noyabrın 1-də, günün günorta çağı sonuncu evinin qarşısında odlu silahdan açılan atəşlə qətlə yetirilib.
Qəddar qətl Cavanşir Abdullayevin Şağan qəsəbəsindəki evinin qarşısında, daim hərəkət olan küçənin ortasında, kameraların “gözü” qarşısında törədilib. Qətli icra edən Cavanşir Abdullayevin qudası Amin Xudaverdiyevin qardaşı Pərviz Xudaverdiyev olub.
Sonradan yayılan qətl səhnəsinin videosundan da görünür ki, Cavanşir Abdullayev özünə məxsus həyətin qarşısında avtomaşından düşür. Həmin vaxt əraziyə “Mercedes” markalı maşın gəlir və avtomaşının yanında dayanır. Maşının arxa sağ qapısı açılır və oradan Pərviz Xudaverdiyev düşərək Cavanşir Abdullayevə tərəf qaçır. Ona çatanda ilk olaraq qarın nahiyəsinə atəş açır. Yerə yıxılan Cavanşir Abdullayev özünü itirmir, ayağa qalxır, ona güllə atıb yaralayan Pərviz Xudaverdiyevin üstünə atılır, onun əlindəki silahı almağa çalışır. Pərviz Xudaverdiyev onu geri itələyir və növbəti atəşlə Cavanşir Abdullayevi yerə yıxır. Bu zaman Cavanşir Abdullayevin oğlu Ruhulla Abdullazadə əlində taxta parçası ilə Pərviz Xudaverdiyevin üstünə qaçır. Ona tərəf açılan atəşdən yayınmaq üçün geri atılır. Pərviz Xudaverdiyev Ruhulla Abdullazadənin geri çevrildiyini görəcək yerdə çabalayan onun atası Cavanşir Abdullayevin başına “kantrolnı” atəş açır. Bundan sonra 5 addım aralıda onu gözləyən, arxa sağ qapısı açıq “Mercedes”ə atılır və maşın yüksək sürətlə ərazidən uzaqlaşır.