"Azərbaycan coğrafi baxımından kiçik ölkə olsa da “orta miqyaslı” dövlət kimi tanınır. Ölkəmizin istər regional, istərsə də qlobal miqyasda irəli sürdüyü təşəbbüslər konstruktiv əməkdaşlıq mühiti yaratmaqla yanaşı, beynəlxalq sülh və təhlükəsizliyə töhfə verir. Bununla belə, biz beynəlxalq miqyasda ikili standartlar siyasətinin dünya nizamına sarsıdıcı təsirini görürük".
Pravda.az-ın xəbərinə görə, bunu Milli Məclisin deputatı Könül Nurullayeva deyib.
Onun fikrincə, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli ilə bağlı əksər nüfuzlu beynəlxalq qurumlar qətiyyət nümayiş etdirdiyi halda Avropa Şurası Parlament Assambleyasının timsalında bu ədalətli yanaşma olmayıb: "Münaqişə zamanı Ermənistanın işğal siyasəti ucbatından etnik zorakılığa məruz qalan 1 milyona yaxın soydaşımızın pozulmuş hüquqlarının bərpası istiqamətində AŞPA tərəfindən faktiki hər hansı addım atılmayıb. Uzun illərdir, işğalçı ilə işğala məruz qalan tərəf arasında obyektiv seçim etmək istəməyən Avropa Şurası Ermənistanın növbəti qanunazidd davranışına reaksiya verməyib. Söhbət Azərbaycanın işğal altındakı ərazilərində separatçı rejim tərəfindən təşkil edilən seçki şousundan gedir. Əksər nüfuzlu beynəlxalq qurumlar Dağlıq Qarabağdakı qondarma seçkiləri tanımadığı halda, AŞPA hələ də səssizliyini qoruyub saxlayır. Bu yanaşma açıq şəkildə qeyri-obyektivliyin nəticəsidir. Bu gün bütün Azərbaycan ictimaiyyəti görür ki, Avropa Şurası anti-Azərbaycan mövqedədir. Halbuki Azərbaycan hər zaman AŞ da daxil olmaqla bütün beynəlxalq qurumlarla əməkdaşlığa açıqdır.
Ölkəmiz 2001-ci il yanvarın 17-də Avropa Şurasına eyni gündə üzvlüyə qəbul olunan zaman Azərbaycan və Ermənistan Avropa Şurası qarşısında bir sıra öhdəliklər götürmüşlər. Həmin öhdəliklərin biri də Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı məsələdir. Bu öhdəliklərin monitorinqini Avropa Şurası həyata keçirir. Deməli, münaqişə məsələsinə dair fikir bildirmək elə həmməruzəçilərin birbaşa mandatına daxildir. Lakin AŞ-dan fərqli olaraq, Azərbaycan hər zaman Avropa Şurası qarşısında öhdəliklərinə sadiqlik nümayiş etdirir.
Azərbaycanın AŞPA-dakı nümayəndə heyəti də hər zaman konstruktiv əməkdaşlıq nümunəsi sərgiləyib. Lakin təəssüflər olsun ki, bu qurumun məruzəçilərinin zaman-zaman sifarişli, qərəzli dairələrin maraqlarına xidmət edən əsassız, ölkəmizə qarşı böhtan xarakterli hesabatlarının şahidi oluruq.