Masallı Rayon Məhkəməsində "Bioloji Təbabət" klinikasının bu rayondakı filialının cərrahı Qəhrəman Aydın barəsindəki cinayət işinə baxılıb. Pravda.az qafqazinfo-ya istinadən xəbər verir ki, 35 yaşlı neyrocərrah Cinayət Məcəlləsinin 314.1-ci (Səhlənkarlıq-vəzifəli şəxsin işə vicdansız və ya laqeyd münasibətinin mühüm zərər vurulmaya səbəb olduqda) maddəsi ilə təqsirləndirilib.
Məhkəmədə bildirilib ki, bel fəqərəsi yırtığından əziyyət çəkən 1970-ci il təvəllüdlü A.Adıgözəlovanın sol ayağı zəif işləyib, sağ ayağında isə problem olmayıb. O, 2023-cü ildə klinikanın Masallı filialında fizioterapevt işləyən Günel Nəsibovanın xidmətindən istifadə edib və özünü yaxşı hiss edib. Lakin daha sonra ağrıları yenidən başladığı üçün klinikaya təkrar üz tutub. Həmin vaxt G.Nəsibova A.Adıgözəlovaya belindəki yırtığın böyüdüyünü bildirərək cərrahi əməliyyat məsləhət görüb.
.png)
Bundan sonra pasiyent müayinələrdən keçib və klinikanın cərrahı Qəhrəman Aydın tərəfindən əməliyyat edilib. A.Adıgözəlova narkozdan ayıldıqdan sonra hər iki ayağının fəaliyyətini tam itirdiyi məlum olub. Təyin edilmiş ekspertizadan sonra Q.Aydının cərrahi əməliyyat vaxtı A.Adıgözəlovanın belindəki siniri kəsdiyi məlum olub. Zərərçəkmiş qadın əlil arabasından istifadə etməyə məcbur qalıb.