2024-cü il sentyabrın 1-də Milli Məclisə keçiriləcək növbədənkənar seçkilər üçün namizəd olanlardan biri də üç dəfə millət vəkili olmuş Malik Həsənovdur.
M.Həsənov ilk dəfə 2010-cu ildə deputat seçilib. Daha sonra 2015 və 2020-ci illərdə millət vəkili postuna yiyələnib.
Onun namizədliyi bu dəfə də Cəlilabad şəhər seçki dairəsindən (71 saylı) verilib. O, əvvəlki seçkilərdə də eyni dairədən namizəd olub.
Passiv millət vəkillərindən olan Malik Həsənov ardıcıl dördüncü dəfə deputat seçilərsə, bu, sadəcə təəssüf doğuracaq, çünki M.Həsənov “seçkidən-seçkiyə görünən deputat” imici ilə tanınır. Cəlilabadlı deputat parlamentin iclaslarında danışmır, layihələrin müzakirəsi zamanı fikir bildirmir, təklif və tənqid səsləndirmir.
M.Həsənov deputat kimi passiv olsa da, biznesdə və başqa sahələrdə “bacarıqlıdır”. Onun tanınmasında, biznes və siyasi həyatda sürətlə yüksəlməsində qardaşı Kərəm Həsənovun xüsusi rolu var. Həsənov qardaşları uzun illərdir, vəzifə postlarında möhkəm dayanıblar. Öncə K.Həsənov vəzifə pillələrində yüksəlib, daha sonra isə onun açdığı yolla qardaşı M.Həsənov irəliləyib.
K.Həsənov Əmlak Məsələləri Dövlət Komitəsinə rəhbərlik edən zaman 2006-cı ildə "Azinko Holdinq" tikinti şirkətini yaradıb. Komitə sədrinin şirkətlə rəsmi əlaqəsi olmasa da, biznes dairələrində çox yaxşı bilirdilər ki, "Azinko Holdinq"in sahibi məhz K.Həsənovdur. Cəmi bir il sonra şirkətə M.Həsənovun rəhbər təyin edilməsi də "Azinko Holdinq"in Həsənov qardaşlarına aid olmasını təsdiqləyir.