Avqustun 16-da BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) keçirilməsi ilə əlaqədar Təşkilat Komitəsinin altıncı iclası keçirilib.
Pravda.az xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri, Təşkilat Komitəsinin sədri Samir Nuriyev Prezident İlham Əliyevin rəhbərliyi ilə COP29-a hazırlıq prosesinin bütün istiqamətlərdə davam etdiyini bildirib.
Təşkilat Komitəsinin sədri Prezident İlham Əliyevin iyulun 20-də 2-ci Şuşa Qlobal Media Forumunda COP29-la bağlı vacib tezislər səsləndirdiyini, dövlətimizin başçısının yanaşmasının inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında körpülərin qurulmasından ibarət olduğunu vurğulayıb.
Prezident Administrasiyasının rəhbəri Prezident İlham Əliyevin COP29 gündəliyimizi proqnozlaşdırılabilən, aydın məqsədlərə və nəticələrə köklənmiş gündəlik kimi xarakterizə etməsinə diqqət çəkərək dövlət qurumlarının, COP29 heyətinin bundan sonra da var gücü ilə çalışmasının vacibliyini vurğulayıb.
Samir Nuriyev noyabrın 12-13-də keçiriləcək Liderlər Sammitinə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının tərəflərinə dəvətlər ilə bağlı tam inklüzivliyin təmin edildiyini bildirib.
Təşkilat Komitəsinin sədri Azərbaycanın inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında yeni maliyyə hədəfi üzrə mövcud fikir ayrılıqlarının aradan qaldırılması üçün səmimi səylər göstərdiyini və bu xüsusda, iyulun 26-27-də müxtəlif ölkələrin nümayəndə heyətlərinin rəhbərləri səviyyəsində Şamaxıda qeyri-rəsmi məsləhətləşmələr kimi innovativ format təşkil etdiyini diqqətə çatdırıb.
Samir Nuriyev bildirib ki, Azərbaycan Hökuməti ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Katibliyi arasında imzalanacaq “Ev Sahibi Ölkə” Sazişinin yekun mətni tam razılaşdırılıb.
Təşkilat Komitəsinin sədri Azərbaycanın COP29 təşəbbüslərinin geniş ictimaiyyətə açıqlandığını, COP atəşkəsi və İqlim Maliyyəsi üzrə Fəaliyyət Fondunun yaradılması təşəbbüslərinin beynəlxalq müstəvidə daha çox diqqət çəkdiyini bildirib.
Samir Nuriyev Azərbaycan tərəfindən inkişaf etməkdə kiçik ada ölkələri üçün Texniki Yardım Fondunun yaradılmasına, “Azərkosmos” tərəfindən kiçik ada ölkələrində iqlim dəyişmələri üzrə layihələrin həyata keçirilməsinə dair anlaşma memorandumlarının avqust ayının sonlarında Millətlər Birliyi (Commonwealth) təşkilatı ilə imzalanacağı barədə məlumat verib.