"Əvvəllər xanəndələr başqa yerlərdə oxuyurdular, imtahan verirdilər. Alim müəllim həmişə bizə deyir ki, toyda oxumaq böyük bir məktəbdir. Toyxana məktəbindən keçən mütləq xanəndə olur. Amma bu gün xanəndələr yeni qəzəl, şeir öyrənmirlər. Ona görə ki, tələbat yoxdur. O vaxt toyxanalarda ustadlardan çoxlu qəzəllər tələb olunurdu. Orada qəzəlxanlar, söz xiridarları olurdu ki, həmin ustadları izləyirdilər. Bizim adını tarixə yazan xanəndələrimiz belə məclislərdən çıxıblar. Amma indiki oxuyanlardan, uşaqlardan ancaq mahnı tələb olunur. Bugünki restoran toyları o qəzəlləri, şeirləri tələb etmir. Əgər orada xiridarlar, tənqidçilər həmin toylarda olsaydılar xanəndələr gecə yatmayıb qəzəllər əzbərləcəyəkdilər. Necə ki, Muğam müsabiqəsində uşaqlar hər dəfə yeni qəzəllər oxuyurdular. İnsanı məqam, düşdüyü şərait tələb edəndə o öyrənir". Pravda.az bildirir ki, bunu Moderator.az -a özəl açıqlamasında əməkdar artist, sevilən xanəndə Fərqanə Qasımova deyib. O daha sonra "Fərqanə xanım, siz toyxana görməmisiz, bəs necə püxtələşmisiz?" sualına cavab verib.
"Mən 15-16 yaşlarımdan dünya səhnələrində çıxış etmişəm. Artıq mənim üçün böyük dünya səhnələrində oxumaq o qədər asandır ki.. Çünki mən orada püxtələşmişəm. Mənə desələr ki, 2 ay vaxtımız var, solo konsert olacaq, mən buna tez bir zamanda hazırlaşa bilərəm. Ancaq toy oxuyanları bunları bacarmırlar. Toy oxuyanı başqadır, səhnə oxuyanı, mədəniyyəti tərənnüm edən sənətkar başqa. Bu gün ona görə hər şey adiləşib. İki köhnə qəzəllə, toy mahnıları ilə məclisi idarə edirlər. Sənət artıq öz orbitindən çıxmağa hazırlaşır. Xarici ölkələrdə yeni səfərlərə dəvət almışam. Əgər Allahın muğamımıza sevgisi varsa onu ölməyə qoymayacaq. Görün nə qədər sənətkarlar gəlib-gedir, indi də Alim müəllim var, onun davamçısı mən varam. Bizim də davamçılarımız olacaq. Muğam heç vaxt ölməyəcək. Ölsəydi bir neçə il bundan əvvəl ölərdi. Hər dəfə belə eniş-yoxuşlara məruz qalsa da, Allah püxtələşdirib onun pöhrəsini verir" deyə sənətkar bildirib.