"Səba" quşçuluq fabrikinin bağlanması və işçilərinin ixtisar olunması barədə yayılan məlumatlar həqiqətə uyğun deyil. Bu barədə Oxu.Az-a "Səba" ASC-nin rəhbərliyindən məlumat verilib.
Bildirilib ki, heç bir bağlanmadan söhbət getmir:
"Biz 100% özümüzə aid olan törəmə "Chiken Pro" MMC-ni yaratmışıq. Hazırda bütün istehsalat fəaliyyəti həmin törəmə şirkətimiz tərəfindən həyata keçirilir. Həmçinin quşçuluq istehsalatında işləyən işçilərimiz də fəaliyyətlərini orada davam etdirirlər. Heç bir ixtisar aparılmır. Kimsə, bir ya iki nəfər, öz ərizəsi ilə işdən ayrıla bilər, amma ixtisardan söhbət getmir".
***
14:01
"Səba" markası ilə toyuq əti və məhsullarının istehsalı dayandırılmayıb. Bu məlumat Oxu.Az-a Azərbaycan Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasından verilib.
"Bu gün bir sıra kütləvi informasiya vasitələri və internet resurslarında "Səba Broyler" ASC-nin fəaliyyətini dayandırması, "Səba" markası ilə toyuq və toyuq məhsulları istehsalına son qoyulmasına dair məlumat yayılıb.
Azərbaycan quşçuluq təsərrüfatlarının ictimai birliyi olaraq bildiririk ki, reallıqda "Səba" markası ilə toyuq əti və məhsullarının istehsalı dayandırılmayıb. Bu istehsalı "Səba Broyler" ASC-nin yaratdığı "Chiken Pro" MMC həyata keçirir.