"Qardaşım srağagün öz iti ilə evdən çıxıb meşəyə gedib. Dünən güllələnmiş meyitini tapdıq. Bu gün torpağa tapşırılıb. Kimin güllələdiyini bilmirik, şübhələndiyimiz adam da yoxdur". Bunu Oxu.Az-a açıqlamasında Qusarda bir neçə gündür itkin düşən və dünən meyiti tapılan Fövqəladə Hallar Nazirliyinin (FHN) sabiq əməkdaşı Ramik Əhmədovun qardaşı Edik Əhmədov bildirib.
E.Əhmədov qeyd edib ki, qardaşının heç kimlə problem olmayıb:
"O, itini gəzdirməyə aparmışdı. Meşədə yerdən qazılmış, üstüqapalı ev var idi. Qardaşım orada güllələnib, amma meyiti yaxınlıqda tapılıb. İt isə sonradan özü gəlib evə. Ailə və dostları ilə münasibəti qaydasında idi".
***
12:15
Qusarda bir neçə gündür itkin düşən və meyiti tapılan 1981-ci il təvəllüdlü Ramiq Radik oğlu Əhmədov əvvəllər Fövqəladə Hallar Nazirliyində çalışıb və öz arzusu əsasında vəzifəsindən azad olunub. Bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidməti məlumat yayıb. Oxu.Az-ın əldə etdiyi məlumata görə, Ramiq Əhmədov FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Qusar Rayon Şöbəsində gizir vəzifəsində işləyib və vəzifəsindən bir ay öncə öz istəyi ilə ayrılıb.
Ramiq Əhmədov ailəli olub, bir qızı və bir oğlu var.
