2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 9 saylı Binəqədi ikinci seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Kamaləddin Qafarovun ilk dəfə səs verəcək seçicilərlə görüşü keçirilib. Pravda.az Yap.org.az-a istinadən xəbər verir ki, əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edilib.
YAP Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov bildirib ki, ölkəmiz torpaqlarımızın işğaldan azad edilməsindən sonra yeni inkişaf dövrünə qədəm qoyub: “Hazırda Azərbaycanın hər yerində, xüsusilə Qarabağda yenidənqurma, infrastruktur layihələri uğurla icra olunur. Milli maraqlarımıza, dövlətimizin və xalqımızın inkişafına istiqamətlənmiş siyasi kurs Prezident İlham Əliyevin rəhbərliyi ilə məqsədyönlü və ardıcıl şəkildə həyata keçirilir”.





