Bu kənddə 9 nəfər koronavirusa yoluxdu, iki qardaş öldü
İsmayıllı rayonunun Quşencə kəndində 9 nəfər koronavirusa yoluxub. Onlardan 8-i Ağdaş rayon Mərkəzi Xəstəxanasında, 1 nəfər isə Qobustan xəstəxanasında müalicə alır.
Pravda.az-ın xəbərinə görə, bu barədə Quşencə kəndi üzrə ərazi nümayəndəsi Yaşar Şirəliyev məlumat verib. Onun sözlərinə görə, bu yaxınlarda koronavirusdan ölən şəxs dəfn edilib: "İki qardaş vəfat edib. Onlar Bakıda yaşayıblar, əslən bizim kənddəndirlər. Valideynlərinin dediyinə görə, qardaşlardan biri koronavirusdan vəfat edib, digəri ağciyər xəstəsi olub. Vərəm dispanserində müalicə alırdı. Ölən şəxslərdən birinin 50 yaşı, digərinin isə 46 yaşı olub. Bir nəfər isə evində infarkt keçirib, xəstəxanaya aparıblar, amma həyatını xilas etmək mümkün olmayıb”.