"Təkcə həftəsonu deyil, ümumilikdə koronavirus pandemiyası dövründə polisin fəaliyyəti ən yüksək səviyyədə təşkil olunub. Polisin fəaliyyətinə yüksək qiymət verilməlidir. Azərbaycan polisi həm peşəkarlıq, həm vətəndaş məsuliyyəti, həm də humanizm göstərir".
Pravda.az-ın xəbərinə görə, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev deyib.
Komitə sədri bütövlükdə Azərbaycan polisinin fəaliyyətini yüksək qiymətləndirib: “Lakin iki günlük karantin dövründə "5-ci kolon"a bağlı insanların sosial şəbəkələrdə polis haqqında yazdıqları şər, böhtan, həqiqətə uyğun olmayan, insanları çaşdıran fikirləri pisləyirəm. Düşünürəm ki, əsası olmayan fikirləri yazmaq pandemiya dövründə bütövlükdə Azərbaycan dövlətçiliyinə zərbə vurmaq, polislə vətəndaş arasındakı etimadı azaltmaq və vətəndaşlarda polisə və ya Azərbaycana qarşı inamsızlıq yaratmaq məqsədi güdür. Belə şeylərə yol verilməli deyil. Polisin bütün tapşırıqları belə dövrlərdə sözsüz yerinə yetirilməlidir. Polisə qarşı hər hansı müqavimət və ya tabesizlik göstərmək dövlətə qarşı tabesizlik kimi qiymətləndirilməlidir. Belə olmasa, ağır pandemiya şəraitində mübarizəmizi effektli apara bilməyəcəyik.