Keçmiş deputat Hüseyn Abdullayevin yeni açılmış cinayət işi üzrə məhkəmə prosesi davam edir.
Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilməli olan bugünkü iclas Hüseyn Abdullayevin vəziyyəti ilə bağlı baş tutmayıb.
Ötənhəftəki qərara əsasən, Abdullayev video-konfrans vasitəsilə məhkəməyə qoşulub. O, vəkili Şəhla Hümbətova ilə birgə kamera qarşısına keçib. "Quska” hazırda özünü pis hiss etdiyini, tam sağalana kimi mühakimə edilmək istəmədiyini bəyan edib.
Bundan əvvəlki iclasda təqsirləndirilən şəxsin müalicə müəssisəsinə köçürülməsi haqda qərar qəbul edilmişdi. Qərarda o da qeyd olunurdu ki, ilkin müayinənin nəticəsi ilə bağlı məhkəməyə məlumat verilməlidir.
Amma bu günə kimi, nə məhkəməyə, nə vəkillərə həkim rəyi təqdim edilib.
"Quska”nın vəkilləri Ceyhun Yusifov, Cavad Cavadov, Şəhla Hümbətova bununla bağlı narazılıqlarını məhkəmənin diqqətinə çatdırıblar.
"Hüseyn Abdullayevin halını hamımız görürük. Görünən dağa nə bələdçi? Qərar var ki, şəxs ixtisaslaşmış həkimlər tərəfindən müayinə olunmalıdır. Çox təəssüf ki, Tibb Baş İdarəsi onun müayinəsini formal həyata keçirib. Şəxsin keyfiyyətli müalicə alıb sağlam mühakimə edilmək hüququ var. O, sağlam olub özünü müdafiə edə bilməsə, vəkillərin onu müdafiə etməsi formal xarakter daşıyacaq”-Ceyhun Yusifov deyib.