“Mən 18 yaşından efirlərdəyəm. Musiqi kollektivləri ilə televiziyada çıxışlarımız olurdu. Verilişlərə çıxanda bizi yoxlayurdular, çünki bizə milyonlarla insan baxırdı. Hər birimiz bu milyonlar üçün nümunə idik – həm geyimimizdə, həm davranışımızda, həm də hərəkətimizdə. Amma bu gün zamanə dəyişib, efirə köynəksiz də çıxmaq olar, efirdə əxlaqsız ifadələr də işlətmək olar. Bunlar cəmiyyətə mənfi təsirini göstərməyə bilməz. Mütləq göstərir. Artıq yeniyetmələrin danışığında onların sözlərində xoşagəlməyən ifadələr eşidə bilirsiniz”. Pravda.az olay-a istinadən bildirir ki, bu sözləri Xalq artisti Siyavuş Kərimi qonaq olduğu “YouTube”da yayımlanan “Otaq 9” layihəsində deyib.
Sənətçi bildirib ki, həm televiziyada, həm də “TikTok”da əxlaqsızlıq təbliğ olunur:
“Televiziyada və kinoteatrlarda göstərilən filmlərin hamısında ölüm, qan, zorakılıq, müharibə var. Bəs həyat, sevgi, məhəbbət, dostluq? Mən sovet dövrünün fimləri üçün çox darıxıram. Çünki o ekran əsərlərində insan, humanizm çox geniş şəkildə təbliğ olunub. Amma biz Amerika filmlərinə baxdığımızda insanların bir-birini öldürməsini, qanların axmasını, cinayətin törədildiyini görürük. Bundan başqa, sosial şəbəkələrdə xoş olmayan məqamları müşahidə edirik. Baxın görün “TikTok”da nə dərəcə də əxlaqsızlıq var. Biz axı Azərbaycan millətiyik, tərbiyəmiz, mədəniyyətimiz var. Mədəniyyətimiz, əxlaqımız çox nümunəvidir. Biz isə bu nümunəvi mədəniyyəti və əxlaqı itirməyə başlayırıq”.