Bəzi bölgələrimiz ziyarətgahları, pirləri ilə məşhurdur. İnsanlar harada yerləşməsindən asılı olmayaraq, məsafələrə önəm vermədən bu yerlərə gedir, dualar edir, hətta qurban kəsdirirlər. Bunun üçün yüksəklikləri aşmaqdan da yorulmurlar – bir neçə bölgədə yerləşən və “Haça qaya” adı ilə tanınan ziyarət yerlərini buna misal çəkmək olar. Bəzi işbazlar da bunu fürsət bilib həmin yerlərdə obyekt açır, nəzir pulu yığırlar. Elə bununla bağlı sosial şəbəkələrdə bu günlərdə yeni video yayılıb. Görüntülərdən də aydın olur ki, gələnlərin sayı kifayət qədərdir. İlahiyyatçı Tural İrfan Demokrat.az-a açıqlamasında bildirib ki, Haça qaya kimi yerlər xurafat məkanıdır:
“Dinin məkanı məscidlər, Allah evləri olduğu kimi xurafatın da məkanı elə yerlərdir. İslamdan öncə şamanizm, bütpərəstlik dövründə ağaclara parça bağlamaq, ocaq yandırmaq, daşlara, qayalara sitayiş etmək, ağaclardan imdad diləmək inancı olub. İslamı qəbul etdikdən sonra da insanlar bu inanclardan bəzilərini yaşatmağa davam ediblər. Hətta, İslamla sintez ediblər ki, müsəlmanları da cəlb etsinlər.
Haça qayanı İmam Əli ilə bağlayırlar. Guya orada əjdaha ilə, yaxud cinlərin qoşunu ilə savaşıb və qılıncı ilə qayanı iki yerə bölüb. Bu, tamamilə nağıldır. Həzrət Əli Azərbaycanda olmayıb və adi insan olub. Qaya isə qılıncla bölünəcək boyda deyil, çox nəhəngdir. Ola bilsin avam insanların gözündə İmam Əlinin igidlik obrazını böyütmək üçün xurafatçı mollalar, o dövrün Şeyx Nəsrullahları bu nağılı uydurublar və beləcə də insanlarda inam formalaşıb. Çoxdur belə yerlər. Ora gedən adamlar da dini bilməyən, ömründə Quranı oxumayan zümrədir. Daşa nəzir verincə, gedib orada heyvan kəsib kabab çəkincə bir kasıba, miskinə kömək et, əl tut. Əsl Əli yolu budur”.
Bu yerlərdə yığılan nəzir pullarına gəldikdə isə ekspert bu məsələnin hələ də qaranlıq qaldığını deyib:
“Ümumiyyətlə, məscid və ziyarətgahlarda yığılan nəzir pullarının hesabatı və hara getməsi məsələsini Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi bir ara nizama salmaq istədi, lakin nəticəsiz qaldı. “Nəzir mafiyası” ölkəmizdə artıq 40 ilə yaxındır ki, kök salıb. Qafqaz Müsəlmanları İdarəsi vaxtilə İran xətti ilə vəhdət şəklində bunu yaratmışdı. Oradan bura, buradan da ora xüms, zəkat, nəzir, imam malı, şəhriyyə adları ilə pul mübadiləsi aparılırdı. Məscid və ziyarətgahlara yığılan pullar da bu yollara sərf olunurdu.