Xəbər verdiyimiz kimi, bu gün saat 19 radələrində Cəbrayıl rayonu ərazisində sürücü Nəsiman Yaqublu "Nissan" markalı avtomibillə hərəkətdə olan zaman idarəetməni itirərək maşını yol kənarına aşırıb.
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan bildirilib ki, N.Yaqublu müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya çatdırılıb.
Tibbi müdaxilələrə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb. Faktla bağlı araşdırma aparılır. Pravda.az mərhum professorun tərcümeyi-halını təqdim edir:
Nəsiman Yaqublu 1962-ci il fevral ayının 22-də Zəngilan rayonunun Zəngilan kəndində anadan olub. Zəngilan rayonunda orta təhsilini başa vurduqdan sonra Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinə daxil olub. 1983-cü ildə təhsilini davam etdirmək üçün Rusiyaya gedib, Sankt-Peterburq Universitetinin Jurnalistika fakültəsində oxuyub.
1986-cı ildə Leninqrad Universitetini bitirdikdən sonra Bakıya qayıdıb. "Yazıçı" nəşriyyatında redaktor vəzifəsində çalışıb. 1990-cı ildə stalinizmin azərbaycanlı qurbanları haqqında "Ağrılı ömürlər" kitabını, 1991-ci ildə isə Azərbaycan Xalq Cümhuriyyəti və onun yaradıcısı olan Məhəmməd Əmin Rəsulzadə haqqında əsərini nəşr etdirib. 1992-ci ildə Xocalı faciəsi haqqında "Xocalı qırğını" kitabını yazıb və 30000 tirajla çap etdirib. Mətbuat tarixi və jurnalistika ilə bağlı da bir çox kitabın müəllifidir.
1993-cü ildə, Qarabağ Savaşında könüllü olaraq Azərbaycan ordusunda xidmətə başlayıb, "Azərbaycan ordusu" qəzetinin Baş redaktoru vəzifəsində çalışıb. 1993-cü ildən Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində baş müəllim olaraq fəaliyyət göstərir.