Avqustun 26-da Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və Fondun vitse-prezidenti Leyla Əliyeva valideyn himayəsindən məhrum olmuş və xüsusi qayğıya ehtiyacı olan uşaqlar, həmçinin şəhid övladları üçün Fond tərəfindən keçirilən əyləncə və istirahət proqramında iştirak ediblər.
Pravda.az xəbər verir ki, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və Fondun vitse-prezidenti Leyla Əliyeva uşaqlarla söhbət edib, onların təşkil edilən bu şənliklə bağlı fikirləri ilə maraqlanıb, şəkillər çəkdiriblər. Uşaq evlərinin, Daun Sindromlu Uşaqların Reabilitasiya Mərkəzinin və inteqrasiya təlimli internat məktəbinin sakinləri təəssüratlarını bölüşüb, burada yeni dostlar qazandıqlarını söyləyib, iştirak etdikləri oyunlar, əyləndikləri attraksionlar barədə danışıblar.
Xəzərin sahilində yerləşən “Dalğa Beach” istirahət məkanında təşkil olunan tədbir çərçivəsində Birinci vitse-prezident Mehriban Əliyeva və Leyla Əliyeva uşaq evlərində və internat məktəblərində tərbiyə alan uşaqların əl işlərindən ibarət sərgi ilə də tanış olub, onlarla birgə rəsm çəkiblər. Uşaqlar çəkdikləri rəsm nümunələrini Mehriban xanım Əliyevaya hədiyyə ediblər. Tədbir zamanı Mehriban xanım Əliyeva bu gün doğum günlərini qeyd edən şəhid övladları və uşaq evinin sakinləri ilə də görüşüb, onları təbrik edib.
İnteqrasiya təlimli internat məktəbinin sakinləri təəssüratlarını AZƏRTAC-la bölüşüb, burada yeni dostlar qazandıqlarını söyləyiblər.
2 saylı uşaq evinin 9 yaşlı sakini Rəvanə Cümşüdova şənliyin çox maraqlı keçdiyini bildirərək deyib: “Bura çox maraqlıdır, çoxlu yeni dost qazandım. Hər kəsə təşəkkür edirəm”.
1 saylı uşaq evinin sakini, 8 yaşlı Dinara İsgəndərova Lənkərandan Bakıya gəldiyini vurğulayaraq bildirib: “Şənliyə bacımla birlikdə qatılmışıq. Əziz və dəyərli Mehriban xanım, dəstəyiniz üçün təşəkkür edirik”.