Bakı Hərbi Məhkəməsində Müdafiə Nazirliyinin mənimsəməyə görə tutulmuş Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi general-mayor Nizami Məmmədovun cinayət işi üzrə proses davam edir.
Musavat.com xəbər verir ki, general-mayor Məmmədov Hərbi Hava Qüvvələrinin Maliyyə Xidmətinin sabiq rəisi, polkovnik Cəlal Kazımov, Quru Qoşunların Maliyyə İdarəsinin rəisi Bayram Bayramov və Hərbi Dəniz Qüvvəllərinin Maliyyə Xidmətinin sabiq rəisi Vüsal Əlizadə ilə birgə mühakimə olunur.
Təqsirləndirilən şəxslərin hər birinə Cinayət Məcəlləsinin 179.4-cü (xüsusi ilə külli miqdarda ziyan vurmaqla mənimsəmə) maddəsi ilə ittiham irəli sürülüb.
Hakim Fikrət Əliyevin sədrliyi ilə keçirilən prosesdə sənədlərin tədqiqi davam etdirilib. Cinayət işi üzrə sübutların qiymətləndirilməsi ilə bağlı qərarlar açıqlanıb. Həmin qərarlardan birində göstərilib ki, Müdafiə Nazirliyinin sabiq Baş Qərargah rəisi Nəcməddin Sadıkov və digər şəxslərin barəsində araşdırma davam etdirilib. Bundan başqa, Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin təftiş şöbəsinin rəisi, polkovnik Rəfael Xələfov, Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzinin Maliyyə Xidmətinin sabiq rəisi polkovnik-leytenant Rəşad Məlikzadə, maliyyə xidməti rəisi olmuş, hazırda həbsdə olan Sadıq Hacıyev və digər şəxslərin barəsində cinayət işinin ayrıca icraata götürülməsi barədə qərar elan edilib.
Daha sonra Cəlal Kazımovun vəkili Əli Adıgözəlov çıxış edərək istintaq orqanı tərəfindən müvəkkilinə 2 milyon 551 min manat məbləğində ittiham verildiyini qeyd edib. Vəkilin sözlərinə görə, ittihamda həmin məbləğin 400 min manatının Ali Hərbi Məktəbdə, qalan məbləğin isə korpusda mənimsənildiyi qeyd olunub.
Vəkil qeyd edib ki, mənimsənilən məbləğlə bağlı verilən ittiham ifadələrlə uyğun gəlmir:
"Bununla bağlı arayış hazırlamışam və onu məhkəməyə təqdim edəcəm".
Hakim isə deyib ki, həmin arayış məhkəməyə təqdim edilsin, müşavirədə bu məsələyə qiymət veriləcək.
Nizami Məmmədovun vəkili Rəşad Mirmehdizadə bildirib ki, müvəkkilinə 18 milyon 674 min manat mənimsəmə ittihamı verilib:
"Müdafiə Nazirliyinin Katibliyinin İşlər İdarəsinə 2015-2021-ci illərdə 16 milyon 84 min 837 manat əsassız ödənişlər edilib. Maliyyə yoxlamaları 2015-2020-ci illərdə aparılıb. Bu mənimsənilən məbləğlərin bir hissəsi 2015-2017-ci illərdə Namiq Poladovun işlədiyi dövrə düşür. Namiq Poladovun şahid kimi məhkəməyə gətirilməsi ilə bağlı əlavə vəsatət verəcəm. O, məhkəməyə gətirilməlidir".
Daha sonra cinayət işində təqsirləndirilən şəxslərin və onların yaxın qohumlarının bəzi əmlaklarının üzərinə qoyulan həbslərin siyahısı açıqlanıb.
Məhkəmədə məlum olub ki, Cəlal Kazımova aid olan və üzərinə həbs qoyulmuş əmlakların bir neçəsi həbs olunmamışdan əvvəl müxtəlif şəxslərə sarılıb. Bununla bağlı Cəlal Kazımovun vəkili Əli Adıgözəlov məhkəmənin diqqətinə çatdırıb ki, Daşınmaz Əmlakın Dövlət Reyestri xidmətinə sorğu verilərsə, əmlakların nə zaman alqı-satqı olunması ilə bağlı sənədlər aydınlaşacaq.
Daha sonra Cəlal Kazımovun vəkili bildirib ki, Hərbi Hava Qüvvələrinin sabiq komandiri Ramiz Tahirov Cəlal Kazımova qarşı şəxsi-qərəz göstərərək, onun işlədiyi dövrdə heç bir tənbeh və ya töhməti olmaya-olmaya istintaq orqanına mənfi xasiyyətnamə təqdim edib: