2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təbliğat- təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 9 saylı Binəqədi ikinci seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Kamaləddin Qafarovun YAP Binəqədi rayon təşkilatında seçicilərlə görüşü keçirilib.
Pravda.az Yap.org.az-a istinadən xəbər verir ki, əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edilib.
Çıxış edən YAP Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov bildirib ki, Ulu Öndər Heydər Əliyevin uzaqgörən və məqsədyönlü siyasi strategiyasının məntiqi nəticəsi olaraq Azərbaycan güclənib, inkişaf edib, öz müstəqil xarici siyasət kursu ilə beynəlxalq nüfuzunu möhkəmləndirib: “Bu gün də uğurlarımız ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ardıcıl şəkildə davam edir. Bütün dünya Azərbaycanın əldə etdiyi nailiyyətləri görür və təqdir edir. Zaman-zaman müxtəlif beynəlxalq təsisatlar hesabatlarında ölkəmizin inkişaf tempinin müqayisəolunmaz dərəcədə olması ilə bağlı qeydlər edirlər”.