Sentyabrın 1-də ölkəmizdə növbədənkənar parlament seçkiləri keçiriləcək. Hazırda 125 dairədə 1054 namizəd deputat mandatı uğrunda mübarizə aparır. Onlar hakim Yeni Azərbaycan Partiyasını (YAP), müxalifəti və bitərəfləri təmsil edirlər. İqtidar partiyası bu seçkinin favoriti sayılır. Bununla yanaşı, 50-ə yaxın müxalif və bitərəf fəalın da parlamentdə təmsil olunacağı gözlənilir.
“Yeni Sabah” sentyabrın 1-də deputat mandatı qazancaq tanınmış müxalifətçilərin adlarını öyrənə bilib. Məlum olub ki, növbədənkənar parlament seçkilərində 10-dan çox müxalifət fəalının Milli Məclisdə təmsilçilik hüququ qazanmaq şansı var. Bu siyahıda ilk sırada namizədliyini 26 saylı Sabunçu seçki dairəsindən irəli sürülmüş Böyük Quruluş Partiyasının sədri Fazil Mustafanın adı çəkilir. BQP sədrinin yenidən mandat qazanacağı heç kimdə şübhə doğurmur.
Mübarizəyə 36 saylı Xətai dördüncü seçki dairəsindən qoşulan ƏHD partiyasının sədri Qüdrət Həsənquliyev də bu seçkinin favoritlərindən sayılır. Onun da parlamentdə yerini qoruyacağına böyük əminlik var.
Hazırda 22 saylı Nəsimi-Yasamal seçki dairəsində də mandat uğrunda gərgin mübarizə gedir. Məlum olduğu kimi, bu dairədə 2 tanınmış müxalifət lideri - ReAL Partiyasının sədri İlqar Məmmədov və ADİP lideri Asim Mollazadə deputat mandatı uğrunda mübarizə aparır. Əldə etdiyimiz məlumata görə, bu dairədə Asim Mollazadə qalib elan olunacaq.
Mübarizəyə 81 saylı İmişli seçki dairəsindən qoşulan Milli Cəbhə Partiyasının sədri Razi Nurullayevin də marafondan qalib ayrılması gözlənilir.