Son illər yeniyetmələr arasında aqressiyanın, anormal hərəkətlərin, məsuliyyətsiz, destruktiv davranışların artdığını və zərərli trendlərin yayıldığını müşahidə edirik.
Bu, yeniyetmələrdə davranış pozuntusu faktlarının çoxalması barədə şübhələr yaradıb.
Bəs görəsən, yeniyetmələrdə davranış pozuntusu ilə bağlı statistika nə yerdədir? Bu sindromun qarşısını almaq və fəsadlarını azaltmaq üçün nə etmək olar? Həkim-nevroloq Qalib Əsədov mövzu ilə bağlı Oxu.Az-a danışıb.
O bildirib ki, uşaqların tərbiyə prosesində edilən yanlışlar bu məsələdə buraxılan ən böyük boşluqdur:
"Günümüzdə uşaqlar heç bir əziyyət görmürlər. Ata-anaları onların hər istədiklərini yerinə yetirirlər. Hətta bu məsələ o həddə çatıb ki, uşaq gecəyarısı ayağını yerə döyüb nəsə istəsə, valideynləri dərhal gedib onun arzusunu yerinə yetirirlər. Nəticədə uşaqda belə bir fikir formalaşır ki, problemini həll etmək və istədiyinə nail olmaq üçün qışqırmaq, haray-həşir salmaq lazımdır. Məhz onların ərköyün böyüdülməsi, hər istədiklərinin yerinə yetirilməsi gələcəkdə ciddi problemlərə yol açır.
İkinci olaraq, məktəblərdə təlim-tərbiyə işlərinin düzgün təşkil olunmamasını qeyd edə bilərik. Bütün məktəblərdə psixoloq var. Bəs onlar vəzifələrini düzgün yerinə yetirirlərmi? Müxtəlif konfranslar, tədbirlər, tematik işlərin keçirilməsi, çətin tərbiyə olunan uşaqlarla, onların valideynləri ilə fərdi söhbətlər nə dərəcədə aparılır? Keçmişdə pionerlər, komsomol təşkilatları var idi. Uşaqlarla iş aparılırdı. Amma indi bu iş aparılmır və hər kəs öz eqosuna xidmət edir.
İndiki gənc nəsildə "Rembo"lar, "Rokki Balboa"lar, "Bryus Li"lər, "Polad Alemdar"lar və "Memati"lər yetişir. Onların idealları məhz bu personajlardır. Yeniyetmələr nəticə etibarilə problemi ancaq öldürməklə, döyməklə və müxtəlif aqressiv üsullarla həll edirlər. Doğrudur, keçmişdə də döyüş filmləri var idi. Amma o filmlərdə düşüncə, məntiq, intellekt ön plana keçirdi. Artıq yeniyetmələr özlərini kriminal aləmin avtoritetlərinə bənzədir və bununla fəxr edirlər".