Bank və alış-veriş platformalarına oxşar saytlar yaradaraq fişinq yolu ilə vətəndaşları kart məlumatlarının ələ keçirən kiberşəbəkə ifşa edilib.
Bu barədə Pravda.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, son dövrlər ödəniş sistemləri, online alış-veriş saytları və digər internet resurslarında yeni texnoloji vasitələrdən istifadə olunmaqla müştərilərin kart məlumatlarının ələ keçirilərək pul vəsaitlərinin oğurlandığı barədə vətəndaşlar tərəfindən çoxsaylı müraciətlər edilir:
"Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən internet resurslarında aparılan araşdırmalar nəticəsində həyata keçirilən əməliyyat-texniki tədbirlərlə sosial şəbəkələrdə qanunsuz şəkildə fəaliyyət göstərərək fişinq yolu ilə vətəndaşların kart məlumatlarını əldə edərək xüsusilə külli miqdarda pul vəsaitləri oğurlayan daha bir dəstənin üzvləri Ərtoğrul Akdemir, Şamxal Abbasov, Qnyaz Həsənov və Sabir Hümmətzadə saxlanılıblar.
Müəyyən olunub ki, dəstə üzvləri cinayət əlaqəsinə girərək banklar və alış-veriş platformalarına oxşar saxta saytlar hazırlayaraq guya banklar tərəfindən pul uduşlu lotereyalar keçirildiyi, bahalı telefon modellərinin dəyərindən aşağı qiymətə satışa çıxarıldığı barədə həqiqətəuyğun olmayan elanlar yerləşdiriblər. Dəstə üzvləri bu elanların geniş yayımı və daha çox vətəndaşın cəlb olunması üçün sosial şəbəkələrdə həmin linklərin ödənişli reklamlarını da təşkil ediblər".
Məlumatda qeyd edilib ki, bətəndaşlar saxta linklərə daxil olaraq özlərinə məxsus bank kartlarının məxfi və OTP təhlükəsizlik kodlarını təqdim edəndən sonra qrup üzvləri həmin şəxslərin mobil bank tətbiqlərinə daxil olaraq hesablardakı pulları oğurlayıblar.
