Avqustun 29-da Özbəkistan Respublikasının Termez şəhərində “Termez” Beynəlxalq Ticarət Mərkəzinin rəsmi açılış mərasimi olub.
Nazirlər Kabinetinin mətbuat xidmətindən verilən məlumata görə, Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyəti açılış mərasimində iştirak edib.
Tədbir çərçivəsində Ş. Mustafayev Özbəkistan Respublikasının Baş naziri Abdulla Aripovla görüşüb.
Görüşdə bildirildi ki, Azərbaycan-Özbəkistan dostluq və qardaşlıq münasibətləri bu gün Prezidentlər İlham Əliyevin və Şavkat Mirziyoyevin uzaqgörən siyasəti, qarşılıqlı səfərləri və mütəmadi təmasları nəticəsində artan templə inkişaf etməkdədir.
Vurğulandı ki, Azərbaycan Prezidenti İlham Əliyevin avqustun 22-23-də Özbəkistana dövlət səfəri zamanı müttəfiqlik münasibətləri haqqında Müqavilənin imzalanması iki ölkə arasında əlaqələrdə yeni səhifə açaraq, onları ən yüksək səviyyəyə qaldırıb.
Eyni zamanda, səfər əsnasında keçirilmiş Azərbaycan-Özbəkistan Ali Dövlətlərarası Şuranın birinci iclasında qəbul edilən qərarların əhəmiyyəti vurğulandı, dövlət başçıları tərəfindən verilən tapşırıqların yerinə yetirilməsi üçün iki ölkənin hökumətlərinin səylərinin birləşdirilməsinin zəruriliyi qeyd olundu.
Hərtərəfli strateji tərəfdaşlığın dərinləşdirilməsinə dair yeni beş illik Yol Xəritəsinin tərtib edilməsi və imzalanması dövlət başçıları tərəfindən qarşıya qoyulan mühüm vəzifələrdən biri kimi dəyərləndirildi.
Azərbaycan və Özbəkistan tərəfindən müxtəlif sahələrdə, xüsusilə investisiya, sənaye, kənd təsərrüfatı, nəqliyyat, neft-qaz sahələrində həyata keçirilən birgə layihələrin uğurlu nəticələri təqdir edildi.
Azərbaycan Prezidentinin dövlət səfəri zamanı bir çox yeni istiqamətlər üzrə birgə layihələrə başlanılmasının əhəmiyyəti vurğulandı.