2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 9 saylı Binəqədi ikinci seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Kamaləddin Qafarovun YAP Binəqədi rayon təşkilatının qərargahında seçicilərlə görüşü keçirilib.
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edilib.
Görüşü giriş sözü ilə açan YAP Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov bildirib ki, ölkəmizin bugünkü inkişafı Prezident İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü idarəçilik strategiyasının bariz nümunəsidir: “Xalqımızın çətin vəziyyətə düşdüyü illərdə xilaskarlıq missiyasını öz üzərinə götürən dahi şəxsiyyət Heydər Əliyevin uzaqgörən siyasəti ilə dövlətimiz məhv olmaq təhlükəsindən xilas oldu. Bir sözlə, müstəqil və müasir Azərbaycan Ulu Öndərin, bugünkü inkişafımız və tarixi zəfərimiz isə Müzəffər Ali Baş Komandan İlham Əliyevin şah əsəridir”.