Bir neçə gün əvvəl Bakıda yerləşən özəl tibb mərkəzlərindən birində cərrahi əməliyyat zamanı “Tik-tok”da canlı yayım açan həkimlə bağlı maraqlı məlumatlar üzə çıxıb.
Bu haqda “Yeni Sabah”ın əldə etdiyi xəbərə görə, özünü estetik cərrah kimi təqdim edən Rauf Rəhimli adlı həkim əslində təhsilini tam başa vurmayıb.
Xəbərə görə, “instaqram” və “tik-tok” kimi sosial şəbəkələrdə özünü cərrah kimi təqdim edən Rauf Rəhimli əslində Tibb Universitetinin “Ümumi Cərrahiyyə” fakültəsinin rezidentidir. Maraqlıdır ki, nəinki əməliyyat, hətta xəstə müayinə etmək səlahiyyəti olmayan, heç bir həkimlik sertifikatı almayan şəxs “Mərcan” klinikasında estetik əməliyyatlar həyata keçirir. Hətta bu əməliyyatları tik-tok-da canlı paylaşır.
Məlumatları redaksiyamıza verən mənbə onu da qeyd edib ki, Rauf Rəhimli öz instaqram səhifəsində özü əməliyyat edibmiş kimi yerləşdirdiyi şəkillərin əksəriyyəti xarici saytlardan götürülmə və ya ölkənin məşhur cərrahlarının əməliyyat etdiyi insanların şəkilləridir.

