Lənkəranda qonşular arasında baş verən davada 5 nəfər xəsarət alıb, onlardan 3-ü bıçaqlanıb.
Qonşular arasında baş verən dava toyuq-cücə üstündə yaranıb. Belə ki, qonşuların saxladıqları heyratı xoruzu digərinin həyətinə keçib. Nəticədə, Lənkəran rayonunun Vel kəndində 1957-ci il təvəllüdlü Nərminə Əlişah qızı Hüseynova, 1970-ci il təvəllüdlü Nəzər Ağababa oğlu Hüseynov, 1996-ci il təvəllüdlü Əlişah Nəzər oğlu Hüseynov çəpər qonşuları olan 1980-cı il təvəllüdlü Seymur Möhübbət oğlu Hacıyev və atası 1952-ci il təvəllüdlü Möhübbət Mirzəhüseyn oğlu Hacıyevlə əlbəyaxa olublar. Kütləvi dava nəticəsində 3 nəfər bıçaqlanıb, 2 nəfər isə xəsarət alıb. Xəsarət alanlar Lənkəran rayon mərkəzi xəstəxanasına çatdırılıblar.
Lənkəran rayon mərkəzi xəstəxanasından APA-nın cənub bürosuna bildirilib ki, avqustun 31-də saat 17:20 radələrində Lənkəran rayonu Vel kəndi sakinləri 4 nəfər (kişi cinsli), 1 nəfər (qadın cinsli) başın sol ənsə payının didilmiş-əzilmiş yarası, qarnın sol payının deşilmiş yarası, sağ bazunun qançırı, döşün aşağı 1/3-nin deşilmiş yarası diaqnozları ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasının təcili yardım şöbəsinə daxil olublar.