Bu gün Milli Məclisə növbədənkənar seçkilərdə səsvermə başlayıb.
Saat 08.00-da səsverməyə start verilib.
Səsvermədən əvvəl Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov mətbuat konfransı keçirib, seçkiyə hazırlıq prosesi, seçki ilə əlaqədar MSK-nın gördüyü işlər barədə məlumat verib.
M. Pənahov bildirib ki, bu gün Azərbaycanda tarixi gündür. MSK sədri parlament seçkilərinin 125 dairəni, ümumilikdə 6478 seçki məntəqəsini (6343 daimi, 135-i müvəqqəti seçki məntəqəsi) əhatə etdiyini nəzərə çatdırıb. Qeyd olunub ki, ilk dəfə Azərbaycanın azad olunmuş ərazilərində parlament seçkiləri keçirilir. Azad olunmuş ərazilərdə 34-ü daimi, 20-i müvəqqəti olmaqla, 54 seçki məntəqəsi fəaliyyət göstərəcək. 119 seçki dairəsinin əhatə edən 1000 məntəqədə veb-kamerala quraşdırılıb.
Parlament seçkilərində 6 421 960 seçici səsvermə hüququndan istifadə edə bilər. Bu seçicilərin 47.55 faizi kişi, 52.45 faizi isə qadınlardır. Seçki günü 18 yaşı tamam olan 374 seçici olacaq. Milli Məclisə seçkilərdə ilk dəfə iştirak edəcək seçicilərin sayı isə 51 141 nəfərdir.