Rusiyanın “NEWS.ru” portalı Azərbaycanda keçirilən növbədənkənar parlament seçkilərində səsvermə prosesini ətraflı işıqlandırıb.
Pravda.az-ın “Seçki 2024” Müstəqil Media Mərkəzinə istinadən xəbərinə görə, portalın materiallarında qeyd olunur ki, ölkədə vətəndaşların öz iradəsini azad şəkildə ifadə etməsi üçün hər cür şərait yaradılıb.
"Azərbaycanda parlament seçkiləri zamanı seçki məntəqələrində ölkə sakinlərinin barmaq izləri skan edilir. Bu, bir nəfərin iki dəfə səs verə bilməməsi üçün lazımdır. Barmaq izi götürüldükdən sonra onlar qeydiyyata götürülür və bülleten alırlar. Sənəd anonimlik şəraitində doldurulur və seçki qutusuna atılır", - “NEWS.ru”nun müxbiri qeyd edib.
Qeyd edək ki, Prezident İlham Əliyev iyunun 28-də VI çağırış Milli Məclisin buraxılması və Milli Məclisə növbədənkənar seçkilərin təyin edilməsi haqqında sərəncam imzalayıb. Sərəncamla altıncı çağırış Milli Məclis buraxılıb və sentyabrın 1-nə növbədənkənar seçkilər təyin edilib.
Azərbaycanda 6 421 960 nəfər seçici var. Seçki günü 18 yaşı tamam olan seçicilərin sayı 374 nəfərdir. 6478 seçki məntəqəsi var. Onlardan 6343-ü daimi, 135-i isə müvəqqəti seçki məntəqələridir.
İşğaldan azad edilmiş ərazilərdə 54 daimi məntəqəmiz fəaliyyət göstərəcək. 10 məcburi köçkün dairəsi var. Onlardan 7-si daimi, 3-ü isə qismən məcburi köçkünləri əhatə edir. Məcburi köçkün məntəqələrinin sayı 574, məcburi köçkün seçicilərin sayı isə 397862 nəfərdir. Azad edilmiş ərazilərdə 42 mindən artıq seçici səs verəcək.
Növbədənkənar parlament seçkilərində ilk dəfə səs verəcək seçicilərin sayı 51 141 nəfərdir. Ən yaşlı seçici 134 yaşlı qadındır. Ən yaşlı kişi seçicinin 109 yaşı var.