Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ölkəmizdə rəsmi səfərdə olan Serbiyanın xarici işlər naziri Marko Curiç ilə görüşüb.
XİN-dən bildirilib ki, tərəflər arasında baş tutan təkbətək görüş daha sonra hər iki tərəfdən nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə davam etdirilib.
Görüşdə Azərbaycan və Serbiya arasında strateji tərəfdaşlıq münasibətlərinin siyasi, iqtisadi, ticarət, investisiyalar, enerji, nəqliyyat və kommunikasiyalar, humanitar və s. aspektləri, habelə regional və beynəlxalq təhlükəsizlik məsələləri müzakirə olunub.
Nazir ölkələrimiz arasında mövcud strateji tərəfdaşlıq münasibətlərinin inkişafında ali və yüksək səviyyəli qarşılıqlı səfərlər, siyasi dialoq və parlamentlərarası əlaqələrin dinamizminin mühüm rol oynadığını qeyd edib. Ali səviyyəli təmaslar çərçivəsində əsası qoyulmuş Azərbaycan-Serbiya Strateji Tərəfdaşlıq Şurasının yaradılmasının əhəmiyyəti vurğulanıb. Strateji tərəfdaşlığımızın daha da dərinləşdirilməsi istiqamətində imkanların müzakirəsi baxımından siyasi məsləhətləşmələr mexanizmindən istifadənin vacibliyi qeyd olunub.
Ölkələrimizin nümunəvi ikitərəfli münasibətlər dinamikasının regional və beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstək və həmrəylikdə özünü biruzə verdiyi məmnunluqla qeyd edilib.
Xüsusilə, energetika, investisiyalar və s. istiqamətlərüzrə sahəvi əməkdaşlığın dərinləşdirilməsi istiqamətində Ticarət və İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın işinin intensivliyi təqdirəlayiq hesab olunub.
Humanitar, o cümlədən təhsil, elm və mədəniyyət sahələrində əlaqələrinin inkişaf etdirilməsi, habelə ölkələrimiz arasında vizasız gediş-gəliş rejiminin tətbiqinin xalqlarımızın bir-birinə daha da yaxınlaşmasına töhfə verdiyi qeyd olunub. Azərbaycanın Şuşa və Serbiyanın Novıy Bazar şəhərlərinin qardaşlaşması təcrübəsinin davam etdirilməsinin əhəmiyyəti diqqətə çatdırılıb.