Londonda yaşayan azərbaycanlı rəssam Məryəm Novruzi iş həyatında ciddi uğurlara imza atmaqla qalmır, həm də ölkəmizi daha geniş auditoriyaya tanıtmaqla məşğuldur. Bunun üçün o, cəlbedici bir yol seçib. "Youtube" kanalında və "instagram" bloqunda paylaşdığı videolarda Azərbaycan mədəniyyəti, milli mətbəxi və zəngin irsindən söz açaraq vətənə olan sevgi, ehtiram və minnətdarlıq hissini ifadə edir.
Karyerasına rəssam kimi başlayan Məryəm ilk sərgisini 16 yaşında Bakıda təqdim edib. O, daha sonra dünyanın bir çox məşhur moda evlərində və kino sənayesində, həmçinin vizual brendinq, qrafik və multimedia dizaynı sahələrində çalışıb. O, hazırda vizual hekayələr yaratmaq həvəsi olan kreativ direktordur. Publika.az Məryəm Novruzi ilə müsahibəni təqdim edir.
- Məryəm Novruzi Bakı və London üçün kimdir? Özünüzü oxuculara daha yaxından tanıda bilərsiniz?
- Məryəm Novruzi özünü təqdim etməkdən, səsini dünyaya çatdırmaqdan qorxmayan, insanları birləşdirməyi və öyrətməyi sevən, həmçinin şəxsi təcrübələrini onlarla bölüşən və həyatlarına yeniliklər qazandırmağı sevən gənc bir qızdır. Hədəflərim böyükdür, uşaqlıqdan bəri Azərbaycanı dünyada təmsil edən qadın olmaq istəmişəm. Odur ki, bu yolda fasiləsiz olaraq irəliləyirəm. Çalışdığım sahələrdə nəticələri az-çox görürəm və özümü daha çoxunu əldə etməyə istiqamətləndirirəm.
- Həm kino, həm moda sənayesində, həmçinin vizual brendinq, konseptin inkişafı, komanda rəhbərliyi, qrafik və multimedia dizaynı sahələrində çalışmısınız. Bu müxtəliflik onu deməyə əsas veririk ki, yaradıcılıq eşqiniz və qabiliyyətiniz çərçivələri aşır. İnsanın özünü axtarması və kəşf etməsi mürəkkəb prosesdir... Özünüzü ən çox hansı sahədə tapa bilmisiniz?
- Bu axtarışlar həm həyat dolu, həm də mürəkkəb mərhələdir. İnsan özünü tapmaq üçün əlindən gələn hər şeyi etməli, bir çox təcrübə və sınaqlardan keçməlidir. Deyə bilmərəm ki, özümü hardasa tapmışam, insanlar onlara dərin emosiyalar gətirən yerlərdə qalmağı seçirlər. Mənə bu emosiyaları gətirən yaradıcı sahələrdir. Burda həm kreativliyimi göstərə, həm də öz fikrimi daha geniş auditoriyaya çatdıra bilirəm. Bu dünyada olmayan hər hansı bir yeniliyi həyata keçirmək, nəyisə sıfırdan yaratmaq mənim üçün özünü tapmaq deməkdir. Mən yaradıcılığın sehrləmək, ruhlandırmaq və dəyişiklikləri idarə etmək gücünə inanıram!
- “Maria and sofa” podkastından sonra sosial mediada daha da tanınmağa başladınız. Bu ideya necə yarandı və podkastı hazırlamağa necə qərar verdiniz?
- Plansız bir şəkildə baş verdi. Tanınmaq və ya özümü göstərmək üçün sosial mediaya ehtiyacım yoxdur. Onsuz da Londonda kifayət qədər tanınır və sevilirəm. Məşhur olmaq üçün sosial mediaya müraciət etmək istəməmişəm heç vaxt. Amma dövr dəyişir, sosial media həyatımızın mərkəzi olub. Sosial media sayəsində ətrafında və sənin diapozununda olmayan insanları tapmaq, onlarla əlaqə qurmaq daha da asanlaşıb. Səsimi daha çox gənc qızlara yetirmək üçün “Maria and Sofa”nı yaratdım. “Maria and Sofa”nın birinci versiyası mental və ruhi sağlamlıq ilə bağlı idi. Bir yerdə azərbaycanlı olduğumu qeyd etdim. Bu, sosial mediada böyük marağa səbəb oldu. O vaxtdan etibarən mən və İngiltərədə yaşayan komandam qərara gəldik ki, podkastı Azərbaycana fokuslanaraq davam etdirək. Mənim üçün azərbaycanlı olmaq normal haldır, buna alışmışam. Həyatımın hər anında ölkəmiz haqqında qürurla danışıram. İngiltərədə insanlar buna maraq göstərdikləri üçün Azərbaycan tarixi, mədəniyyəti və ənənələri barədə paylaşım etməyə başladım.
- Podkastın mövzularını nəyə əsasən seçirsiniz? Auditoriyanın tələbatını tapa bilirsiniz?
- Əlbəttə ki, nəzərə alıram. Maraqlıdır ki, auditoriya ilə tələbatlarımız tamamilə fərqlidir. Məsələn, son podkastlardan birinin məqsədi Azərbaycan insanını tanımaq idi, amma iqlim məsələsi daha çox diqqət çəkdi. Ürəyimizdən keçən mövzulara toxunuruq. Bəzən seçimlərimiz izləyicilərin marağı ilə uyğunlaşır, bəzən isə yox. İstənilən halda əsas məqsəd odur ki, Azərbaycan haqqında informasiyanı ingilis dilində düzgün və dolğun şəkildə çatdıraq.
- Podkastda Azərbaycan haqqında danışdığınız xatirə və hekayələriniz necə qarşılanır? Ölkəmizi tanıtmaq üçün daha hansı addımları atmısınız?
- Podkastın müəyyən bir ideyası və süjeti var, amma yazılı süjet xətti heç vaxt olmur. Söhbətləri təbii qaydada aparırıq. Gündəlik həyatımda 15 insanla tanış oluramsa, adətən 10 nəfəri Azərbaycanı tanımır və onlara ölkəmizdən söz açıram. Bir həftə ərzində 70 insana Azərbaycanı tanıdıram. Çünki həyatım çox sosialdı, Londonun birdən çox "member network" klubuna üzvəm və bütün sosial tədbirlərdə, sərgilərdə, moda həftələrində aktiv şəkildə iştirak edirəm. Londonda keçirilən bir çox sosial tədbirlərə dəvət alıram, orda iştirak etməyimin ən böyük səbəblərindən biri də Azərbaycanı təmsil etməkdir.