Sumqayıt şəhərində 2003-cü il təvəllüdlü Şamxal anasına qarşı əxlaqsız münasibət təklif edən 1975-ci il təvəllüdlü Oktayı (adlar şərti verilib – red.) öldürüb. Teleqraf.com-un əldə etdiyi məlumata görə, Şamxal tanışı Oktayın onun anası Fəridənin mobil telefonuna zənglər edərək mütəmadi narahat etdiyini, izlədiyini bilib, anasına söz ataraq sataşdığını, əxlaqsız təkliflə müraciət etdiyini görüb.
Şamxal onu bu hərəkətlərdən çəkindirməyə çalışıb, xəbərdarlıq edib. Oktay isə Şamxalı uşaq bilib, onu döyərək əməllərini davam etdirib. Oktay anasına və özünə qarşı bu hərəkətlərə görə qisas almaq məqsədlə onu öldürmək qərarına gəlib.
Bu məqsədlə 12 dekabr 2022-ci il saat 24 radələrində Oktayla Sumqayıt şəhəri 9-cu mikrorayonda qarajların qarşısında görüşərək münasibətlərini aydınlaşdırmağa başlayıb. Mübahisə zamanı üzərində gətirdiyi bıçaqla Oktaya ümulikdə 34 xəsarət yetirib.
Oktay dekabrın 13-də gecə saat 02:20-də aldığı ağır xəsarətlər fonunda daxili qanitirmə nəticəsində xəstəxanada ölüb.
“Səhv zəng etdiyini bildirdi”
İstintaq orqanı tərəfindən Şamxalın barəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham elan edilib.
Təqsirləndirilən şəxs qismində ifadə verən Şamxal ittiham üzrə özünü qismən təqsirli bilib. O bildirib ki, dərsdən sonra boş vaxtlarında Abşeron rayonu Saray qəsəbəsində bibisi oğlu Adəmlə şüşə sexində fəhlə işləyir, pis vərdişlərdən uzaqdır:
“Ailə münasibətlərimiz normaldır. Anam namuslu, ailəsinə bağlı qadındır, söz-söhbətdən uzaq olmağa çalışır. Oktayı həmyerlim kimi tanımışam, qardaşı Taleh mənim kiçik toyumda iştirak edib. 2020-ci ildə anamın mobil telefonuna baxarkən Oktayın ona votsapda “salam, necəsən" məzmunlu SMS-lər yazdığını gördüm. Lakin bu barədə anama və atama bir söz demədim. SMS-lər mənə pis təsir etdi.
Anamın mobil telefonundan Oktayın mobil nömrəsinə votsapdan zəng etdim. Ondan kimi axtardığını və ona kim lazım olduğunu, nə üçün bu nömrəyə zəng etdiyini soruşdum. Oktay səhv zəng etdiyini bildirdi”.
“Sən nə qədər əclaf adamsan...”
Şamxalın sözlərinə görə, daha sonra diqqət edəndə ev telefonuna arada zənglərin gəldiyini, telefona o və ya anası cavab verəndə zəng edən şəxsin səsini çıxartmadığını görüb:
“Oktayın tanışlar arasında pis xarakterizə edildiyini eşitdiyimdən ondan şübhlənməyə, anama pis niyyətlə SMS yazıb evə zəng etdiyini, ailədə söz-söhbət yaratmaq istədiyini başa düşməyə başladım. Hadisəyədək Oktayla müxtəlif vaxtlarda üz-üzə gələndə məni nifrət və qəzəb dolu baxışlarla süzürdü.
Anamın işi olduqda bacımı məktəbdən evə gətirməyə gedirdim. Oktayın qızı bacım Vüsalənin oxuduğu məktəbdə təhsil aldığından o da qızının arxasınca gəlirdi.
Hadisədən təxminən iki-üç ay əvvəl məktəbin yanından keçərkən məktəbə çatmağa təxminən 20-30 metr qalmış anamın məktəbin inzibati binasına yaxınlaşdığını, bu vaxt kənarda dayanan Oktayın ona tərəf getdiyini gördüm. Onları izləmək, anamın Oktaya qarşı münasibətini öyrənmək üçün kənara çəkildim. Bunu nə anam, nə də Oktay gördü.
Diqqət edərkən Oktayın anama yaxınlaşdığını, anamın isə əsəbi halda: “Ə, sən nə qədər əclaf adamsan, nə istəyirsən? Bilirsən ki, hərəkətlərini ərimə, oğluma desəm nə baş verə bilər? Rədd ol get burdan” - dediyini eşitdim. Anamın bu cavabından sonra artıq şühələrimin düz olduğunu, anamın ehtiyatlanaraq Oktayı hərəkətlərini atam Elçindən və məndən gizlətdiyini yəqin etdim”.
“Keçən dəfə nə qələt edirdin, indi səni eşidərəm”
Təqsirləndirilən şəxs qeyd edib ki, həmin gün axşam anası ilə söhbət edib: “Anam mənə “Oktayın əlindən bezmişəm, son vaxtlar başını itirib, əl çəkmir, hara gedirəmsə, arxamca gəlib mənə əxlaqsız təkliflər edir” dedi. Anamdan nə üçün bu müddət ərzində Oktayın hərəktləri barədə nə mənə, nə də atama deməmisən soruşdum. Cavab verdi ki, atana desəm, ona pis təsir edər, sən də cavansan, Oktaydan uzaq qal, o axmaq adamdır, onsuz da qardaşını görüb şikayət edəcəm.
Anama onu da bildirdi ki, Oktayın hərəkətləri barədə xalam da məlumatlıdır. Mən bu sözləri eşidərək qəzəbləndim. Bir neçə gün sonra Oktayı yenidən gördüm. Ona “özünü yaxşı apar, həddini aşmısan” deyə xəbərdarlıq etdim.
Oktay da mənə “get işinlə məşğul ol, indi səninlə danışmaq istəmirəm, amma narahat olma, danışıb cavabını verəcəm” dedi. Üç-dörd gün sonra təsadüfən onunla Sumqayıt şəhəri 9-cu mikrorayon ərazəsində “Aygün” şadlıq evinin yaxınlığında axşam saatlarında rastlaşdım. Oktay tək idi. Məni görəndə “keçən dəfə nə qələt edirdin, indi səni eşidərəm” dedi.
Ona dedim ki, anam sənin hərəkətlərin barədə mənə danışıb, məktəbin həyətində hərəkətlərini gözümlə görmüşəm, biz yerliyik, sənə yarışmır, ailəli qadına qarşı belə hərəkətlər edirsən, özünü yığışdır.
Bu sözləri eşidən Oktay üstümə yeridi, “yaxşı edirəm” deyib şillə-yumruqla məni döyməyə başladı. Əlbəyaxa olarkən köynəyim cırıldı. Oktayın əlindən birtəhər çıxdım və ondan uzaqlaşdım”.