Sentyabrın 1-i Milli Məclisə növbədənkənar parlament seçkiləri keçirilib. Parlament seçkilərində 125 deputat mandatı uğrunda 990 namizəd mübarizə aparıb. İlkin nəticələrə uyğun olaraq dairələr üzrə lider namizədlər müəyyənləşib. Maraqlıdır, Milli Məclisin komitələri necə formalaşacaq? Pravda.az Modern.az-a istinadən xəbər verir ki, Milli Məclisin növbəti çağırışının birinci sessiyasının əvvəlində "Azərbaycan Respublikası Milli Məclisinin komitələri haqqında" Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq Milli Məclisin komitələri yaradılır.
Milli Məclisin komitələri Milli Məclisin çağırışının səlahiyyət müddəti ərzində səlahiyyətlidir.
Milli Məclisin komitələri Milli Məclisin azı 63 deputatının səs çoxluğu ilə təsdiq olunan "Azərbaycan Respublikası Milli Məclisinin komitələri haqqında" Azərbaycan Respublikasının Qanunu əsasında fəaliyyət göstərirlər.
Milli Məclisin komitələrinin fəaliyyəti fikir müxtəlifliyi, siyasi plüralizm, aşkarlıq, məsələlərin sərbəst müzakirəsi prinsipləri əsasında qurulur.
Milli Məclisin komitəsinin say tərkibi Milli Məclis tərəfindən müəyyən edilir, lakin azı 5, çoxu 20 deputatdan ibarət olmalıdır.
15 deputatdan çox üzvü olan komitə köməkçi komitə yarada bilər.
Milli Məclisin rəhbərliyi Milli Məclisin komitəsinin üzvü ola bilər. Milli Məclisin başqa hər bir deputatı komitələrdən birinin üzvü olmalıdır. Bir deputat ən çoxu iki komitənin üzvü ola bilər. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri olan Milli Məclisin deputatı Milli Məclisin komitəsinin üzvü olmaya bilər.