BURADA REKLAMINIZ OLA
BİLƏR

Naqif Həmzəyev: “Azərbaycan polisləri nəzakət nümayiş etdirdilər, humanist mövqe sərgilədilər”

Azərbaycan polisi həmişə xalqın və dövlətin mənafeyinə ləyaqətlə xidmət edib, ölkədə ictimai asayişin, təhlükəsizliyin mühafizəsi, əmin-amanlığın qorunması, cinayətkarlığa qarşı mübarizə aparılması kimi məsuliyyətli vəzifələri vicdanla yerinə yetirib. Onların böyük vətəndaşlıq məsuliyyətini, cəsarətini hər zaman yüksək qiymətləndirən Ulu öndər Heydər Əliyev Azərbaycan polisini ölkənin, xalqın keşiyində duran mübariz bir dövlət orqanı kimi dəyərləndirib.

 

Bunu Milli Məclisin deputatı Naqif Həmzəyev bildirib.

 

Millət vəkili qeyd edib ki, koronavirus pandemiyasının hamımızı sınağa çəkdiyi günlərdə fəaliyyəti ilə yadda qalan, nümunə göstərən, vətəndaşın yanında olan polis əməkdaşlarının zəhmətini hədər saymaq olmaz:

 

“Cəsarətli tibb işçilərimiz, könüllü gənclərimiz, hərbi qulluqçularımızla yanaşı, polis əməkdaşları da fəalliyyətləri, nümunəvi davranışları ilə soydaşlarımızın təhlükəsizliyi keşiyində ayıq-sayıq dayandılar. Hər an koronavirusa yoluxma təhlükəsi ilə üz-üzə qalan şərəfli peşə sahibləri ciddi rejimdə tapşırıqların öhdəsindən layiqincə gəldilər. Onlar bu ağır, çətin günlərdə bəzən həyatlarını təhlükəyə alaraq, daim vətəndaşların mənafeyi üçün xidmət keçdilər”.

 

N.Həmzəyev vurğulayıb ki, Azərbaycan polisi yağışın,soyuğun, küləyin, qızmar günəşin yaratdığı narahatlıqlara məhəl qoymadan vəzifə borclarına sədaqət nümayiş etdirirlər:

 

"Yolda qalanın, yardıma ehtiyacı olanın, xəstə insanların ilk köməyinə çatan polislərimiz oldu. Onları əhalinin ən həssas təbəqəsinə zəruri ərzağın, xəstələrə tibbi ləvazimatların, dərmanların çatdırılmasında ön sıralarda gördük. Koronavirus pandemiyası ilə bağlı maarifləndirmə işlərində də polislərimizin fəaliyyəti əvəzsiz oldu.

 

Polisin vətəndaşlarla kobud davranışının şahidi olduğumuz bəzi demokratik ölkələrdən fərqli olaraq, Azərbaycan polisi bəzən vətəndaşlarımızın haqsız rəftarı qarşısında belə nəzakət nümayiş etdirdilər, yüksək peşəkarlıqla humanist mövqe sərgilədilər. Məhz bunun üçün hər bir vətəndaş onu qoruyan, onun təhlükəsizliyini təmin edən polis əməkdaşını gördükdə özünü güvəndə hiss edir”.Teleqraf

Tarix: 10 İyun 2020, 08:43   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin