“Bizim Cəbiş müəllim” filminin qəhrəmanları hər zaman oxucularımıza maraqlı gəlib. Əksəriyyət onların bu gün hansı işlərdə çalışdığını bilsə də, bir çoxları bundan xəbərsizdir. Məsələn, filmdə Makedon rolunun ifaçısı Aqil Ağacanov bu gün kababçı kimi fəaliyyət göstərir. Namiq rolunun ifaçısı Ziya Seyidbəyli uzun illər neft sektorunda çalışıb.
Filmin bir qəhrəmanı da var ki, uzun illərdir ondan xəbər yoxdur. Nə mətbuatda müsahibəsini gördük, nə də haqqında eşitdik. O, Makedonla damda öpüşən Tanya-Svetlana Morşininadır. Medianews.az-a açıqlama verən Makedon rolunun ifaçısı Aqil Ağacanov bildirib ki, Tanyanı sonuncu dəfə verilişlərdən birində görüb.
“O vaxtı “Kinoklub” verilişi var idi. Rəhmətlik Telman Adıgözəlov aparıcılıq edirdi. Dəniz kənarında çəkiliş idi. Məni də dəvət etmişdilər. Mənə dedi ki, sənə sürprizim var. Dedim ki, nə sürpriz? Tanyanı gətirmisiniz? Həqiqətən də Tanyanı da verilişə dəvət etmişdilər. Biz görüşdük, xatirələrimizi danışdıq. Çox gözəl veriliş çəkmişdik. Sonra əlaqəmiz olmadı. Çünki telefon nömrəsini itirmişəm. O, da məni axtarmadı, mən də onu. Onu film çəkiləndə məktəbdən tapıb gətirmişdilər”, – deyə sənətçi bildirib.

Aqil Ağacanov bildirib ki, filmdə çəkiləndən sonra əlaqələri tam itsə də, amma onun haqqında bəzi məlumatları bilir.
“Svetlana Morşinina Bayılda yaşayırdı. Özü də zavodlardan birində mühasib köməkçisi işləyirdi. İndi bilmirəm təqaüdə çıxıb, ya yox. Bəlkə də evdədir”, – deyə o bildirib. Tanya rolunun ifaçısı Svetlana Morşininanın axtarışına çıxdıq. Aqil Ağacanovdan bəzi koordinatları alandan sonra nəhayət ki, onu tapmağa müvəffəq olduq. Hamının Tanya kimi tanıdığı Svetlana Morşinina sən demə Bakıdakı hərbi idarələrdən birində mühasib işləyir.


